Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 fevral 2020-ci il tarixli 393 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 50 saylı Abşeron – Qobustan seçki dairəsi üzrə qeydə alınmış namizədlər İbrahimov Əflan Həsən oğlu və Mehdiyev Emil Rafiq oğlu 2020-ci il fevralın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 10/23 saylı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətdə səsvermə günü 50 saylı Abşeron – Qobustan seçki dairəsinin seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, adı seçici siyahısında olmayan şəxslərin səs verməsi, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılması, səsvermənin nəticələri haqqında protokolların verilməməsi, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvini tələb etmişlər. Ərizəçilər tərəfindən müraciətə 9 protokol nüsxəsi əlavə olunmuşdur.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Müraciətə əlavə edilmiş, məntəqə seçki komissiyaları tərəfindən qanunla müəyyən olunmuş qaydada tərtib olunaraq müşahidəçilərə verilən doqquz ədəd səsvermənin nəticələrinə dair protokolların nüsxələri ilə məntəqə seçki komissiyalarından dairə seçki komissiyasına təhvil verilmiş və tələb olunaraq müqayisəli tədqiq edilmiş protokollar arasında uyğunsuzluq müəyyən edildiyindən 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlandığından, seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaradır.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 9, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 51-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Beləliklə, İbrahimov Əflan Həsən oğlu və Mehdiyev Emil Rafiq oğlunun müraciəti qismən təmin edilməli, 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 10/23 saylı qərarı 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 50 saylı Abşeron – Qobustan seçki dairəsi üzrə qeydə alınmış namizədlər İbrahimov Əflan Həsən oğlu və Mehdiyev Emil Rafiq oğlunun 23 fevral 2020-ci il tarixli 393 saylı müraciəti qismən təmin edilsin, 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 10/23 saylı qərarı 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə isə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin