Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 400 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizədlər Kərimli Əlirza Əlican oğlu və digərləri 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 20/65 saylı və 21 fevral 22/70 saylı qərarlarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətdə səsvermə günü 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsinin bütün seçki məntəqələrində seçici fəallığının aşağı olmasını, seçici fəallığının süni şəkildə artırılmasını, müşahidəçilərə maneələrin yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salındığını, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların verilməməsini, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdirlər. Ərizəçilər tərəfindən müraciətə 6 protokol nüsxəsi, foto və video görüntülər əlavə olunmuşdur.

Ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Ərizəçilər tərəfindən təqdim edilən protokol nüsxələrinin üçünün qanunvericiliyin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq qaydada təsdiqlənmədiyindən onların araşdırılması mümkün olmamışdır. Təqdim olunan digər nüsxələrin müqayisəli araşdırılması nəticəsində isə seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır.

Qeyd edilməsi zərurudir ki, həmin seçki dairəsindən deputatlığa digər namizədlər Cəfərov Natiq Mehman oğlu və Quliyev Elman Füzuli oğlunun dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 20/55 və 20/56 saylı qərarlarından Mərkəzi Seçki Komissiyasına verdikləri şikayətlərlə əlaqədar aparılmış hərtərəfli araşdırma çərçivəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 17 fevral 2020-ci il tarixli 31/371 qərarı ilə seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmalıdır.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsbit olunmuş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyənləşdirilmiş, müraciətin təmin edilməməsi barədə qərar çıxarılmışdır.

Ərizəçilərin 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsinin seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinəyə daxil olması, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa halında qutuya salınması, seçki məntəqələri üzrə seçici fəallığının süni şəkildə artırılması ilə bağlı iddiaları araşdırılarkən həmin halların heç bir əsasının olmadığı və təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış digər müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından, seçici siyahılarında edilmiş müvafiq qeydlərdən, digər zəruri materiallardan, eləcə də veb-kameraların quraşdırıldığı məntəqələrdə seçmə üsulu ilə görüntülərin izlənilməsinin nəticələrindən görünür ki, seçki günü seçki məntəqələrində girişdə tətbiq olunan prosedurlardan başlayaraq bülletenin qutuya salınmasınadək bütün səsvermə prosesinin izlənilməsi ilə bağlı hər hansı bir maneə və ya problem olmamış, müşahidə sərbəst və açıq şəkildə həyata keçirilmiş, müşahidəçilərə real müşahidə üçün zəruri şərait yaradılmış, həmçinin seçicilərin fəal iştirakı, səs verərək öz iradələrini azad şəkildə ifadə etmələri, səsvermə başa çatdıqdan sonra seçki qanunvericiliyinin tələblərinə uyğun surətdə bülletenlərin sayılması, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib olunaraq təsdiq olunmuş surətinin maraqlı şəxslərə verilməsi müşahidə olunmuşdur.

Beləliklə qeydə alınmış namizədlər Ə.Ə.Kərimli və başqalarının 24 fevral 2020-ci il tarixli 400 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 20/65 saylı və 21 fevral 22/70 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd Kərimli Əlirza Əlican oğlu və başqalarının 24 fevral 2020-ci il tarixli 400 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 20/65 saylı və 21 fevral 22/70 saylı qərarları dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin