Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 194 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Hüseynov Zeyqəm Hüseyn oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 15/45 saylı qərarını mübahisələndirərək 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələri və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Z.H.Hüseynov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə nəticələrdən ümumilikdə razıdır, lakin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri düzgün müəyyən edilməmiş, bu barədə dairə seçki komissiyasına etdiyi şikayət düzgün araşdırılmamışdır. Bu səbəbdən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 15/45 saylı qərarı ləğv edilməli və pozuntuya yol vermiş şəxslər məsuliyyətə cəlb edilməlidir.

Namizəd Z.H.Hüseynovla əlaqə saxlanılmış, ona əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o, araşdırmaya əlavə olaraq bir ədəd video görüntü təqdim edərək iclasda iştirak etməkdən imtina etmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd Z.H.Hüseynovun müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, iddia olunan pozuntular təsdiqini tapmamışdır.

Araşdırma ilə əlaqədar mübahisələndirilən 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqəsinin səsvermənin nəticələrinə dair protokolunda bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunmamışdır. Bundan əlavə səsvermə prosesində və səslərin hesablanmasında Seçki Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir.

Z.H.Hüseynovun şikayəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 15/45 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Hüseynov Zeyqəm Hüseyn oğlunun 15 fevral 2020-ci il tarixli 194 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 15/45 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin