Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 197, 198 və 228 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə qeydə alınmış namizədlər Hüseynli İlqar Qəşəm oğlu, Əkbərli İltizam Nizam oğlu və Fərzəliyev Murad Qoçu oğlu 15 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 31/74 saylı qərarını mübahisələndirərək müvafiq qərarın ləğv edilməsini, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Daxil olmuş müraciətlər eyni məzmunlu olduğundan və eyni bir seçki dairəsi dairə seçki komissiyasının qərarından verildiyindən bir icraatda birləşdirilmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş deputatlığa qeydə alınmış namizədlər səsvermə günü 79 saylı İmişli seçki dairəsinin bəzi seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmadığını, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən lider namizədin xeyrinə səslərin süni şəkildə artırıldığını, onlara verilən səslərin azaldıldığını, müşahidəçilərə səsvermənin yekununa dair protokolun surətinin verilmədiyini və digər qanun pozuntularının baş verdiyini iddia edərək İ.Q.Hüseynli 6, 7, 8, 14, 19, 20, 21, 23, 25, 26, 28, 38 və 41 saylı seçki məntəqələrində, İ.N.Əkbərli seçki dairəsinə daxil olan bütün seçki məntəqələrində, M.Q.Fərzəliyev isə 19, 20, 21, 26, 37 və 40 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etmişlər. Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair elektron məlumat daşıyıcısı və bir sıra aktlar əlavə etmişlər.

Yuxarıda qeyd olunanlarla əlaqədar qeydə alınmış namizədlər İ.Q.Hüseynli, İ.N.Əkbərli və M.Q.Fərzəliyev qanunla nəzərdə tutulmuş müddətdə 79 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətləri araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən qərarı ilə onların müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.

79 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddia olunanlar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən qeydə alınmış namizədlər İ.Q.Hüseynli, İ.N.Əkbərli və M.Q.Fərzəliyevin müraciətləri əsassız hesab edilərək təmin edilməmişdir.

Qeydə alınmış namizədlərin araşdırma və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın tamlığı, hərtərəfliliyi və obyektivliyi prinsipi əsas götürülərək səsvermə günü həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar, seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçilər tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və video materiallar araşdırmaya cəlb olunmuş, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

Araşdırma zamanı qeydə alınmış digər namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edən digər müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, səsvermə günü mübahisə-ləndirilən seçki məntəqələrinin əksəriyyətində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş, maraqlı seçki subyektlərinə verilmiş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, aşağıdakı bir neçə seçki məntəqəsi üzrə dairə seçki komissiyasının gəldiyi nəticə düzgün hesab edilməməlidir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər və video materiallar nəzərdən keçirilərkən 14 və 23 saylı seçki məntəqələrində səsvermə prosesində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək pozuntular müəyyən edilmişdir ki, bunlar da seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

Araşdırma ilə əlaqədar İ.Q.Hüseynli və İ.N.Əkbərli tərəfindən təqdim olunmuş protokollar və dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komis-siyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Müqayisəli araşdırma nəticəsində yalnız 16 və 25 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında, həmçinin təqdim olunmuş materialların araşdırılması nəticəsində 21 saylı seçki məntəqəsində bu və ya digər formada seçicilərin iradəsini müəyyənləş¬dirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olduğundan 14, 16, 21, 23, və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 5, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 43-dür.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, dairə seçki komissiyasının qərarının həmin seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, seçki dairəsinin 14, 16, 21, 23 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə qeydə alınmış namizədlər Hüseynli İlqar Qəşəm oğlu, Əkbərli İltizam Nizam oğlu və Fərzəliyev Murad Qoçu oğlunun 15 fevral 2020-ci il tarixli 197, 198 və 228 saylı müraciətləri qismən təmin edilsin.

2. 79 saylı İmişli seçki dairəsinin 14, 16, 21, 23 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, həmin dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 31/74 saylı qərarı 14, 16, 21, 23 və 25 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin