Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 3 yanvar 2020-ci il tarixli 4 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Qabil Sabir oğlu 3 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması barədə ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-1.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır.

Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırma aparılması üçün müddət 3 gün uzadılmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2020-ci il tarixli 4 saylı müraciətin araşdırılması müddəti 3 gün uzadılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin