Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 yanvar 2020-ci il tarixli 42 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Aslanova Zəhra Əliağa qızı 30 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsində seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulduğunu bildirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd Z.Ə.Aslanova müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür. Seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Sadiq Qurbanovun qanunazidd təşviqatı tərəfdarları tərəfindən aparılmışdır. Ərizəçi bununla bağlı şikayətə bir ədəd elektron məlumat daşıyıcı əlavə edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Qeydə alınmış namizəd Z.Ə.Aslanova tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan video görüntüyə Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun təmsilçiləri cəlb edilməklə birgə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 2020-ci il yanvarın 25-də Siyəzən rayonu Təhsil Şöbəsinin akt zalında keçirilmiş tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının sədri, eyni zamanda Siyəzən rayon Məşğulluq Mərkəzinin direktoru Heydərov Etibar Murad oğlu tərəfindən 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə həmin partiya tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış namizəd Qurbanov Sadiq Haqverdi oğlunun təşviqatı Seçki Məcəlləsinin tələbləri pozulmaqla aparılmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin tədbirdə YAP-ın səlahiyyətli nümayəndəsi və namizəd S.H.Qurbanov iştirak etməmişlər.

Seçki Məcəlləsinin 112-1.11.2-ci və 113.1-ci maddələrinə əsasən namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda, müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və Seçki Məcəlləsinin tələblərinin pozulmasına görə E.M.Heydərov barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.11.2-ci, 113.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Aslanova Zəhra Əliağa qızının 30 yanvar 2020-ci il tarixli 42 saylı müraciəti təmin edilsin, YAP Siyəzən rayon təşkilatının sədri Heydərov Etibar Murad oğluna xəbərdarlıq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin