Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2020-ci il tarixli 12 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Murad İlqar oğlu 8 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 7 yanvar 2020-ci il tarixli 4/17 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, onun həm araşdırmada, həm də Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Namizəd M.İ.Rəhimli müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə müvafiq qaydada irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzalarını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, ancaq dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyini qeydə almamışdır.

M.İ.Rəhimlinin müraciəti ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilərək araşdırılmışdır. Müəyyən edilmişdir ki, namizədliyin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının 7 yanvar 2020-ci il tarixli 4/17 saylı qərarı Seçki Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının M.İ.Rəhimlinin namizəd kimi qeydə alınmasından imtinaya dair 7 yanvar 2020-ci il tarixli 4/17 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas gətirərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Murad İlqar oğlunun 8 yanvar 2020-ci il tarixli 12 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 7 yanvar 2020-ci il tarixli 4/17 saylı qərarı ləğv edilsin.

2. 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Murad İlqar oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin