Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 26 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıağayev Nəzərbəy Hacıağa oğlu 2020-ci il yanvarın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin hərəkətsizliyini mübahisələndirmiş və pozulması iddia olunan hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.H.Hacıağayev müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınması üçün 2020-ci il yanvarın 10-da imza vərəqələri və digər seçki sənədlərini 28 saylı Sabunçu üçüncü seçki dairəsinin dairə seçki komissiyasına (dairə seçki komissiyası) təqdim etmək istəsə də, onun sənədləri komissiya tərəfindən götürülməmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin ona digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Araşdırma ilə müəyyən edilmişdir ki, N.H.Hacıağayevin namizədliyi öz təşəbbüsü ilə 2019-cu il dekabrın 29-da irəli sürülmüş, yanvarın 3-də namizədliyinin irəli sürülməsi dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş və ona imza vərəqələri verilmişdir. O, 2020-ci il yanvarın 11-i saat 11:00 radələrində 10 ədəd imza vərəqələrini, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak, gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatları dairə seçki komissiyasına təqdim etmişdir. N.H.Hacıağayev tərəfindən təqdim edilmiş imza vərəqələri, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak, gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatlar namizəd tərəfindən onun öz imzası ilə 2020-ci il yanvarın 11-də təsdiq edilmişdir.

Dairə seçki komissiyasının üzvlərindən alınmış izahatlardan da görünür ki, namizəd N.H.Hacıağayev imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına 2020-ci il yanvarın 11-də təqdim etmişdir.

Seçki Məcəlləsinin 57.7-ci maddəsinə əsasən imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə N.H.Hacıyevin şikayətinin təmin edilməməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir.

Yuxarıda göstərilənləri əsas gətirərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıağayev Nəzərbəy Hacıağa oğlunun 17 yanvar 2020-ci il tarixli 26 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin