Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 30 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızı 2020-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) hərəkətsizliyini mübahisələndirmiş, namizəd kimi qeydə alınmasını və seçkilərdə iştirakının təmin olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

G.M.Əhmədova müraciətində bildirmişdir ki, 2020-ci il yanvarın 10-da imza vərəqələri və namizədliyin qeydə alınması üçün digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyası tərəfindən namizədliyin qeydə alınıb-alınmaması barədə 7 gün müddətində əsaslandırılmış qərar qəbul edilib ona təqdim edilməli idi. 2020-ci il yanvarın 18-i saat 14:00-dək o, dairənin qərarı ilə tanış edilməmiş, çoxsaylı müraciətlərinə isə səbrlə gözləmək tövsiyə edilmişdir.

Araşdırma prosesində deputatlığa namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə əlaqədar namizədin müraciətində qeyd etdikləri barədə dairə seçki komissiyasından alınmış izahatda göstərilir ki, dairə seçki komissiyasının 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarı ilə G.M.Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Dairə seçki komissiyasının qəbul etdiyi qərar barəsində namizədə məlumat verilmiş, həmin qərarı götürməsi xahiş edilmiş, eyni zamanda qərarın surəti 18 yanvar 2020-ci ildə poçt vasitəsilə (göndərmə müvafiq poçt sənədi ilə təsdiq edilir) ona göndərilmişdir.

Göstərilənlərə əsasən dairə seçki komissiyasının hərəkətsizliyi təsdiqini tapmadığından namizəd G.M.Əhmədovanın müraciətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının 18 yanvar 2020-ci il tarixli 30 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin