Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 31 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Tağıyev Elbariz Rəfayil oğlu 2020-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 13 yanvar 2020-ci il tarixli 06/18 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd E.R.Tağıyev müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə dairə seçki komissiyasının 06/18 saylı qərarı ilə əmlak barədə məlumatlarının düzgün göstərilməməsi səbəbindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin o, Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş E.R.Tağıyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında namizədə məxsus paylı mülkiyyətdə olan daşınmaz əmlakını göstərilməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar namizəd E.R.Tağıyev tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 18 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, namizəd E.R.Tağıyevin əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən, lakin ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri aşkar olunmuşdur.

Beləliklə, E.R.Tağıyevin ona məxsus daşınmaz əmlaklar barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, E.R.Tağıyevin namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 06/18 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyi 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Tağıyev Elbariz Rəfayil oğlunun 18 yanvar 2020-ci il tarixli 31 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 06/18 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin