Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin hazırlanması, keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsində aşkarlıq təmin edilməli və proseslər seçicilər üçün şəffaf olmalıdır. Qanunvericiliyin bu istiqamətdə sözügedən tələblərinə riayət edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (Mərkəzi Seçki Komissiyası) seçkilərin hazırlanıb keçirilməsində müşahidəçilərin və digər aşkarlıq institutlarının azad və sərbəst fəaliyyəti üçün daim geniş imkanlar və hərtərəfli şərait yaradır.

Seçici siyahılarının mütəmadi şəkildə nümayiş etdirilməsi, seçki günü seçicilərin aktivliyi, səsvermənin gedişi və ilkin nəticələr barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, habelə ictimaiyyətin bu proseslərlə yaxından tanış olması üçün ardıcıl, sistemli və davamlı tədbirlər görülür, dövlət avtomatlaşdırılmış informasiya sistemi və kütləvi informasiya vasitələrinin imkanlarından sözügedən bütün proseslərdə geniş və səmərəli istifadə olunur.

Müşahidəçi statusuna sahib olmadan və ümumiyyətlə seçki məntəqələrinə baş çəkmədən geniş ictimaiyyətin səsvermənin gedişini internet vasitəsilə hər kəs üçün açıq platformada müşahidə etməsi, seçicilərə səsvermə üçün zəruri şərait yaradılması, eyni zamanda məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səs verdikdən sonra seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi, beləliklə aşkarlığın və şəffaflığın daha geniş miqyasda təmin edilməsi məqsədi ilə bütün digər vasitələrlə yanaşı, əlavə tədbirlər qismində 2008-ci ildən etibarən ölkədə keçirilən seçki və referendumlarda 500 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 10 faizində), sonradan isə 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20 faizində) veb-kameralar quraşdırılmışdır. Ölkəmizdə seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər, habelə seçki mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi nailiyyəti sonradan bir sıra xarici dövlətlər də öz seçki praktikalarında tətbiq etməyə başlamışlar.

Bilavasitə şəffaflığın daha da genişləndirilməsinə xidmət göstərən bu uğurlu ənənəyə sadiq qalaraq Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə də veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə edilməsi prinsipi əsas götürülərək, Milli Məclisə seçkilərdə 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılaraq seçki prosesində iştirak edən maraqlı tərəflərin istifadəsinə verilməlidir. Bu fəaliyyət tam başa çatdıqdan sonra veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilməklə ictimailəşdirilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 100-cu maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/31 saylı qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na uyğun olaraq qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədi ilə 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülərək başa çatdırılsın.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc edilsin.

4. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin