DÜNYA
2020-ci ildən bəri ABŞ-da yüzlərlə uşaq aşırılmış televizor və mebel altında qalaraq ölüb
Vaşinqton, 7 fevral, AZƏRTAC
Son 20 ildə ABŞ-da yüzlərlə uşaq aşırılmış televizor və mebel altında qalıb sıxılaraq ölüb.
AZƏRTAC ABŞ-ın İstehlak Mallarının Təhlükəsizliyi üzrə Komissiyanın (CPSC) yeni hesabatına istinadla xəbər verir ki, 2018-2020-ci illərdə televizorların və mebelin aşması ilə əlaqədar orta hesabla hər il 22.500 ABŞ sakininə təxirəsalınmaz tibbi yardım göstərməyə ehtiyac yaranıb və bu sakinlərin təqribən 44 faizi yaşı 18-dən aşağı olan insanlardır.
2000-ci ildən bəri mebel, televizor və ya digər məişət texnikasının aşması nəticəsində 600-ə yaxın ölüm faktı qeydə alınıb. Bu hadisələrin qurbanlarının 81 faizi 17 yaşa qədər uşaqlar olub. Komissiyanın sədri Aleks Xen-Sarik deyib: “İnsanlar ya bu risklər barədə bilmirlər, ya da düşünürlər ki, yanlarında yaşlı adam olanda belə hadisə baş verə bilməz”.
Komissiyanın hesabatında göstərilir ki, bu müddətdə baş vermiş uşaq ölümü hallarının 71 faizi televizorların aşması ilə bağlı olub, onlardan 66 faizi başın zədələnməsi ilə nəticələnib.
2015-ci ildə komissiya “Anchorit!” (“Bərk bağla”) adlı kampaniyaya start verib. Məqsəd ABŞ sakinlərini bu əşyaların aşmasının təhlükəsi barədə məlumatlandırmaqdır. 2011-2020-ci illərdə belə hadisələr nəticəsində alınmış xəsarətlər üzündən ABŞ-ın təxirəsalınmaz yardım bölmələrinə düşənlərin sayı 55 faiz azalıb. Buna əsas səbəb televizorların aşmasının sayının azalmasıdır. Xin Sarik deyib: “Sevinirik ki, əşyaların aşması ilə bağlı xəsarətlərin sayı azalmaqdadır”.
AZƏRTAC-ın Vaşinqton bürosu