Braziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb, axtarışlar davam etdirilir VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Braziliyanın Petropolis şəhərində sel və daşqınların doğurduğu torpaq sürüşməsi nəticəsində azı 171 nəfər həlak olub. Şəhərdə axtarış-xilasetmə işləri davam edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölənlər arasında 27 azyaşlı və yeniyetmənin olduğu, 120 nəfərin isə axtarışının davam etdiyi bildirilib.
Yağan leysan yağışları axtarış qruplarının işinə mane olub, səlahiyyətlilər dağıntılar altında kiminsə sağ qalma ehtimalının az olduğunu diqqətə çatdırıblar. Ən çox zərər çəkmiş məhəllələrdən birində dağın yamacında yerləşən 80-ə qədər ev sürüşməyə məruz qalıb, 900-ə yaxın insan məktəb və sığınacaqlarda yerləşdirilib.
Yerli yanğınsöndürmə idarəsinin xüsusi xilasetmə qrupunun koordinatoru Roberto Amaral fəlakətin baş verdiyi ərazilərdə axtarış işlərinin ağır texnika ilə davam etdirilməsinin mümkün olmadığını bildirib.