Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 77.2-ci maddəsinə görə prezidentliyə qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatları seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar.

Seçki Məcəlləsinin 80.4-cü maddəsinə əsasən seçkiqabağı təşviqat müddəti başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların verdikləri ərizə əsasında həmin Məcəllənin 80.7-ci maddəsinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) püşkatma komissiyası yaradılmalı, püşkatmanın yeri və vaxtı müəyyən edilməli, bu barədə məlumat rəsmi dərc olunmalı və maraqlı subyektlər məlumatlandırılmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci, 80.4-cü, 80.6-cı və 80.7-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:

- Almas Qəhramanlı – Mərkəzi Seçki Komissiyasının üzvü;

- Fuad Cavadov – Mərkəzi Seçki Komissiyasının üzvü;

- Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;

- Şahin Əsədli – Mərkəzi Seçki Komissiyası Katibliyi Media və kommunikasiya şöbəsinin müdiri.

2. Püşkatma Mərkəzi Seçki Komissiyasının inzibati binasında 2024-cü il yanvarın 15-i saat 14.00-da keçirilsin.

3. Bu barədə məlumat rəsmi dərc edilsin və maraqlı subyektlər məlumatlandırılsın.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

 

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin