Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəlinin dərc edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərin qeydə alınma mərhələsi başa çatmış və nəticədə 7 iddiaçının namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2024-cü il yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış namizədlər və buna hüququ olan subyektlər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənişli və ödənişsiz əsaslarla təşviqat apara bilərlər.

Seçki Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən ictimai teleradio təşkilatları namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara təşviqat aparmaqdan ötrü bərabər şərait yaradırlar.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (bundan sonra – İTV) ayırdığı ödənişsiz efir vaxtını prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2024-cü il 14 yanvar tarixli 3/14 saylı Qərarı ilə püşkatma komissiyası yaradılmış, püşkatmanın yeri və vaxtı müəyyən edilmiş, bu barədə məlumat rəsmi dərc olunmuş və maraqlı subyektlər məlumatlandırılmışdır.

İTV Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulandan 2 dəfə artıq (həftədə 6 saat olmaqla) ödənişsiz efir vaxtı ayıraraq, həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda hüququ olan subyektlər tərəfindən dəyirmi masa formatına uyğun istifadə edilməsi üçün təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İTV arasında əldə edilmiş razılığa əsasən sözügedən efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan zamanda – həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 21.00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21.00-da radio dinləyicilərinə təqdim olunacaq.

Püşkatma komissiyası İTV tərəfindən ayrılmış efir vaxtının bölgüsünü püşkatma yolu ilə müəyyən etməli, püşkatmanın nəticələri protokolla rəsmiləşdirilməli, efir vaxtının bölgüsü barədə cədvəl dərc edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4–80.7-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində püşkatma komissiyası İTV tərəfindən ayrılmış və həftəlik ümumi həcmi 6 saat olan efir vaxtının (2024-cü il yanvarın 15-dən başlayaraq 3 saat televiziyada hər dəfə 1 saat, saat 21.00-da başlamaqla, 3 saat radioda hər dəfə 1 saat, saat 21.00-da başlamaqla) bölgüsünü püşkatma yolu ilə müəyyən etsin.

2. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilsin və efir vaxtının bölgüsü barədə cədvəl dərc edilsin (əlavə olunur).

3. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsinin təmin edilməsi öz səlahiyyətləri daxilində İTV rəhbərliyinə həvalə edilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin