CƏMİYYƏT
2025-ci ildən sonra əmək bazarına daxil olan gənclərin sayının artacağı proqnozlaşdırılır
Bakı, 31 oktyabr. AZƏRTAC
Qarşıdakı illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı
düşməsi ilə nəticələnəcək.
AZƏRTAC xəbər verir ki, pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.
Ötən il ölkəmizdə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub. Proqnozlar göstərir ki, 2025-ci ilədək bu rəqəm demək olar ki, dəyişməyəcək, növbəti beş ildə isə 1,3 faiz artacağı gözlənilir.
Əmək bazarına daxil olan 15-24 yaş arasında gənclərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. Ötən il ölkəmizdə 15-24 yaş arasında gənclərin sayı 1,5 milyon nəfərə yaxın idisə, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı ehtimal edilir. Sonrakı illərdə isə həmin rəqəm artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə, yəni 1,6 milyon nəfərə çatacağı gözlənilir.
Qeyd edək ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” haqqında Sərəncamda əhalinin yaş strukturu üzrə proqnozlarda məlumat verilir.