ELM VƏ TƏHSİL
Xocalı soyqırımı – XX əsrin faciəsi
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Xocalı soyqırımı - XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, hibrid formatda keçirilən tədbirdə çıxış edən universitetin rektoru İlham Mədətov 30 il əvvəl sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı faciəsindən bəhs edib, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu söyləyib. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər, habelə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər miqyasına görə xüsusilə diqqətçəkəndir.
Rektor insanlığa qarşı törədilən bu cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.
Xocalı soyqırımının şahidi Samirə Hüseynova 30 il əvvəl cinayətkar erməni və sovet ordusunun silahlı qüvvələri tərəfindən törədilən qanlı hadisələrdən danışıb.
ATMU-nun İctimai fənlər kafedrasının professorları Məhərrəm Zülfüqarlı və Minəxanım Əsədli Xocalı faciəsində ermənilərin insanlığa, maddi-mənəvi və mədəni sərvətlərimizə qarşı vandal münasibətlərini faktlarla diqqətə çatdırıblar.
Tədbirdə Etibar Əsədlinin müəllifi olduğu və Xocalıya həsr olunan “613” adlı videoklip, eyni zamanda, soyqırımı zamanı erməni vandalizmini əks etdirən videomateriallar nümayiş etdirilib.
Qeyd edək ki, Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar ATMU-da bir sıra tədbirlər təşkil olunub. Universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşə yaradılıb, sənədli və bədii əsərlərdən ibarət kitab sərgisi açılıb. Bütün qruplarda ilk dərslər Xocalı soyqırımına həsr olunub. Həmçinin “ATMU-MEDİA”da gün ərzində Xocalı faciəsini əks etdirən fotolar yayımlanır.
Fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən ümumrespublika yürüşünə ATMU-nun kollektivi də qatılıb.