2050-Cİ İLDƏ ƏHALİNİ YEDİRTMƏK CİDDİ PROBLEM OLACAQDIR
Paris, 19 oktyabr (AZƏRTAC). Dünya əhalisi arasında aclıq sürətlə artmaqdadır. Hazırda Yer kürəsində bir milyarddan çox adam aclıqdan əzab çəkir. Bu məlumat Birləşmiş Millətlər Təşkilatı Ərzaq və Kənd Təsərrüfatı Komissiyasının oktyabrın 16-da Dünya Ərzaq günü ilə bağlı “Böhran dövründə ərzaq təhlükəsizliyi” mövzusunda keçirdiyi toplantıda səslənmişdir.
Yığıncaqda qeyd edilmişdir ki, iqlim dəyişikliyi nəticəsində havaların quraq keçməsi əhalinin ərzaqla təminatına təsir edən əsas amillərdən biridir. Digər tərəfdən isə demoqrafik artım təhlükəli problem yaratmaqdadır. Bu gün planetdə 6,8 milyard insan yaşadığı halda, 2050-ci ildə onların sayı 9,1 milyarda çatacaqdır.
BMT-nin təşkilatçılığı ilə Romada toplaşmış üç yüz universitet nümayəndəsi, tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının rəsmiləri, yüzlərlə ekspert 2050-ci ildə əhalinin ərzaqla təminat məsələsini müzakirə etmişlər.
Toplantıda qeyd edilmişdir ki, əhalinin əsas ərzaq məhsulu kimi daha çox istifadə etdiyi buğda, düyü və qarğıdalının məhsuldarlığının artırılması ilə yanaşı, tərəvəzdən istifadənin ön plana çəkilməsi mühüm məsələdir. Əhali arasında ət və ət məhsullarından istifadə halları geniş yayılmışdır. 1970-ci ildə adambaşına 25 kiloqram ət istifadə olunurdusa, hazırda bu rəqəm 38 kiloqrama çatmışdır. Ona görə də kalorisi yüksək olan məhsulların yetişdirilməsi zərurəti meydana çıxmışdır.
Yığıncaqda gələcəkdə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm dəyişiliklərin edilməsinin və yeni yollar axtarılmasının vacibliyi vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris