İQTİSADİYYAT
Auditorlar Palatasında seminar keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Auditorlar Palatasında “Korrupsiyaya və PL/TM qarşı mübarizə barədə Azərbaycan Respublikasının qanunvericiliyinin şərhi” və “Çirkli pullara və korrupsiyaya qarşı milli mübarizə sistemində auditorların rollarının gücləndirilməsi barədə” mövzularında növbəti seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, onlayn seminarda Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 2004-cü il yanvarın 13-də qəbul edildiyini, 2005-ci il yanvar ayının 1-dən qüvvəyə mindiyini və bu qanun 14 maddədən ibarət olduğunu qeyd edərək, bu Qanunun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəldiyini vurğulayıb. Moderator, eyni zamanda, 2005-ci ildə Palatanın sədri Vahid Novruzovun rəhbərliyi ilə “Antikorrupsiya” (sənədlər toplusu) kitabının nəşr etdirildiyini və 2008-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirildiyini bildirib.
“VXA-Audit” MMC-nin direktoru-auditor Elçin Qurbanov BMT Baş Assambleyası tərəfindən 1994, 1996, 1997, 1998–ci illərdə qəbul edilmiş Qətnamələrdə bütün terrorizm hərəkətlərini, metodlarını və təcrübəsini, o cümlədən də dövlətlər və xalqlar arasındakı dostluq münasibətləri üçün təhlükə törədən və dövlətlərin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən hərəkətləri cinayət əməli və haqq qazandırılması mümkün olmayan hərəkətləri, terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, bu cür maliyyələşdirilmənin bilavasitə yaxud bilavasitə, xeyriyyə, ictimai və ya mədəni məqsədlər güdən və ya güddüklərini iddia edən, yaxud özləri də qeyri-qanuni silah göndərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və hədələməklə pul qoparmaq kimi cinayətlərlə mübarizə tədbirlərinə həsr olunduğunu bildirərək və qəbul olunmuş dörd qətnamə haqqında geniş məlumat verib.
Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun, auditor xidməti göstərən şəxslərin hüquq və vəzifələri, müxtəlif hallara və əməliyyatlara dair məlumatların toplanıb maliyyə monitorinqinə təqdim olunması, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində qeyd olunan məsuliyyətlər barədə, korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri haqqında danışıb.
Çıxışlar ətrafında geniş müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.