REGİONLAR


20 Yanvar şəhidinin qardaşı: Mehman yanvarın 20-si günorta saatlarında öldürülüb FOTO VİDEO

Göyçay, 20 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Xalqımıza qarşı ədalətsizliyə, eləcə də erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüzünə etiraz bildirmək və milli azadlığa nail olmaq naminə ayağa qalxan insanların gözünü qorxutmaq, onların bu istəyini boğmaq üçün sovet ordusunun hissələri 1990-cı ilin yanvarında ölkəmizə yeridildi və Qanlı Yanvar hadisələri yaşandı. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qəhrəman övladlarımız özlərini qurban verərək, qanları bahasına Azərbaycanın müstəqilliyi üçün yol açdılar.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar şəhidləri arasında Göyçay sakini Mehman Muradov da var.

Şəhidin qardaşı Mehdi Muradovun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mehman Muradov da tanklar qarşısına əliyalın çıxan qəhrəman oğullarımızdan olub. Amma Mehman Muradov 19-dan 20-ə keçən gecə deyil, səhəri gün, yəni yanvarın 20-si günorta saatlarında öldürülüb.

Mehdi Muradov deyir ki, qardaşının ölüm xəbəri onlara yanvarın 21-i çatıb: “Əvvəlcə bizə dedilər ki, qardaşınız yaralanıb. Açığı Bakıda nələrin baş verməsindən tam xəbərimiz yox idi. Yanvarın 21-də Bakıya yollandıq. İndiki 20 Yanvar dairəsinə çatanda gördüklərmizin şokundan çıxa bilmədik. Hər yerdə qan izləri vardı, zirehli texnika və əlisilahlı əsgərlər küçələrdə idilər. Buna baxmayaraq, insanlar öz etirazlarını bildirmək üçün meydanlara axışırdılar. Axşama kimi qardaşımı axtardıq, sonra dedilər məscidə gedin. Onda başa düşdüm ki, qardaşım da şəhid olub”.

Həmin günlərdə Mehman da digər şəhidlərimiz kimi Bakıda, Şəhidlər xiyabanında dəfn edilməli idi. Lakin ailə üzvləri onun nəşinin doğulduğu rayonda torpağa tapşırılmasını istəyib. Bu istəkdən sonra Mehmanın nəşi Göyçaya gətirilib və burada torpağa tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.