QAN YADDAŞI
20 Yanvar – 30 il...
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – 30 il...” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, idarənin tabeliyindəki Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçən tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “20 Yanvar sənədlərdə və xatirələrdə”, Milli Azərbaycan Tarixi Muzeyi direktorunun birinci müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov “20 Yanvardan sonra: Azərbaycan ictimai şüurunda transformasiya”, filologiya elmləri doktoru Abid Tahirli “Faciə yaddaşımızın 30 ili”, filologiya elmləri doktoru, professor Almaz Ülvi “Milli azadlıq mücahidi Ülvi Bünyadzadə”, Əməkdar jurnalist Rafiq Səməndər “20 Yanvar bədii ədəbiyyatda” adlı məruzələrlə çıxış edib.
Vurğulanıb ki, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyini qazanmasında 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Onların vətən sevgisi, dönməz əqidəsi yurdumuzun başı üzərini alan qara buludları dağıdıb, çoxsaylı itkiyə, kədərə rəğmən xalq öz mətanətini itirməyib. Bu gün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər xiyabanı gələcək nəsillər üçün rəşadət, igidlik simvoludur.
Konfransın sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa film nümayiş olunub.