SİYASƏT
20 YANVAR HADİSƏLƏRİNƏ HƏLƏ NÖQTƏ QOYULMAMIŞDIR
Vaşinqton, 25 yanvar (AZƏRTAC). Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi təşkil etmişdir.
Amerikada yaşayan Azərbaycan icmasının fəallarını və Azərbaycanın dostlarını bir araya gətirən tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direkotru Mahir İsgəndər, ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev toplaşanlara faciə barədə məlumat vermişlər. Səfir Y. Əliyev qanlı yanvar gecəsi haqqında xatirələrini danışaraq vurğulamışdır ki, günahsız əhaliyə atəş açmaqla sovet imperiyası öz həqiqi üzünü göstərmişdir. Mahir İsgəndər qeyd etmişdir ki, 20 Yanvar hadisələrinin müəllifi olan və axıdılan qana görə məsuliyyət daşıyan Mixail Qorbaçov, təəssüf ki, bu gün Qərbdə “soyuq müharibə”yə son qoyan qəhrəman kimi tanınır.
Mərasimdə “Qara Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
ABŞ-da yaşayan azərbaycanlı yazıçı Feliks Tsertsvadze də hesab edir ki, Bakıya qoşun yeridilməsi haqqında imzaladığı qərarına görə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov məsuliyyət daşımalıdır. F.Tsertzvadze ABŞ Konqresi kitabxanasına daxil edilən “Erməni təbliğatının ikiüzlülüyü və yalanları” və Xocalı faciəsinə həsr olunmuş “Unudulmuş soyqırımı” kitablarının müəllifidir. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) vasitəsilə Azərbaycan xalqına başsağlığı verən yazıçı bildirmişdir ki, 20 Yanvar hadisələrinə hələ nöqtə qoyulmamışdır. F.Tsertsvadze özünün internet səhifəsində Mixail Qorbaçovun faciədə müdhiş rolunu “Cəlladın üzü” başlıqlı geniş araşdırma materiallarında təsvir etmişdir. O, təəssüflə vurğulamışdır ki, milliyyətindən asılı olmayaraq, günahsız Azərbaycan əhalisinin soyqırımını həyata keçirən Mixail Qorbaçov, bu gün Qərb ölkələrində arzuolunan qonaqdır. Feliks Tsertzvadze ABŞ Prezidenti və Konqresinə məktublarla müraciət edərək, onların diqqətini bu fakta cəlb etmişdir. Yazıçı ümid edir ki, Azərbaycan hökuməti tezliklə Mixail Qorbaçovun cinayət əməlləri barədə materialları İnterpola təqdim edəcək və bu, Qanlı Yanvar faciəsi zamanı törədilmiş vəhşiliklərə görə onun məsuliyyətə cəlb edilməsinə yardımçı olacaqdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton