CƏMİYYƏT
20 Yanvar şəhidləri İğdırda anılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə Kültür və Türizm Müdirliyinin konfrans zalında baş tutan tədbirdə İğdır valisi Hüseyin Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev, baş prokuror Serkan Başaran, eləcə də Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.
Tədbiri giriş sözü ilə açan İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, 20 Yanvar ürəyindən və biləyindən başqa silahı olmayan, azadlığa susamış qəhrəman bir millətin müstəqillik mübarizəsi olub. “Onlar qanlarını və canlarını verdilər, amma türk dünyasına qürurlu bir ölkə ilə azad Vətən buraxdılar. Vətənini canından əziz bilən, bədənini sipər edərək Azərbaycan türkünün müstəqillik yolunu açan vətənpərvər insanlar Şəhidlər xiyabanında yatır. Ruhları şad olsun! 20 Yanvarı unutmadıq, unutmayacağıq”, - deyə dərnək sədri vurğulayıb.
DİDK sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 32 il öncə xalqımız dünyaya bir daha müstəqillik və azadlıq uğrunda savaşdığını nümayiş etdirib. “200 il dünyada əsən külək, törədilən cinayətlər, soyqırımlar niyə həmişə türkün başına gəlib? Bu 200 il içində Anadolu türkü olaraq, Azərbaycan türkü olaraq çox soyqırımlarına məruz qaldıq. 20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş həm faciə, həm soyqırımı, həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri idi”, - deyə komitə sədrinin birinci müavini nəzərə çatdırıb.