REGİONLAR
Bərdə şəhər 7 nömrəli məktəbdə sinif otaqlarına şəhidlərin adları verilib
Bərdə, 19 aprel, AZƏRTAC
Bərdə şəhər 7 nömrəli məktəbdə sinif otaqlarına 2016-cı il Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsi şəhidlərinin adları verilib. Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri, məktəb kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, məktəbin direktoru Mehparə Mustafayeva və başqaları çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq-ordu birliyinin gücü ilə qazanılan böyük Qələbədən, hərbçilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin əziz xatirələrindən danışıblar.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları hər bir sinifdə Aprel şəhidi Səbuhi Musayevin, Vətən müharibəsi şəhidləri Fəxri Qəribzadə, Elyaz Qarayev, Rəşad Nadimov, Elməddin Hüseynzadə və Asif Abışov üçün ayrıca yaradılmış onların qısa ömür və döyüş yollarını əks etdirən guşə ilə tanış olub, böyüdülmüş portretləri önünə tər qərənfillər düzərək ehtiramlarını bildiriblər. Siniflərdə məktəblilərin hazırladıqları kompozisiya nümayiş olunub.