Fransa prezident seçkilərinin ikinci turunda seçici fəallığı 2017-ci illə müqayisədə daha zəifdir VİDEO
Paris, 24 aprel, AZƏRTAC
Fransada prezident seçkilərinin ikinci və həlledici turu davam edir. Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-dan açılıb və axşam saat 19:00-a, böyük şəhərlərdə isə 20:00-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, seçkilərin ikinci turunda “İrəli Respublika” partiyasının namizədi, hazırkı Prezident Emmanuel Makron və “Milli Birlik” partiyasının sədri Marin Lö-Pen növbəti 5 il müddətində ölkə prezidenti kürsüsü uğrunda mübarizə aparırlar. Ancaq fransız seçicilərin bəziləri birinci turun finalçılarından narazılıqlarını bildirirlər. Bəzi seçicilər daha optimist fikirlər irəli sürür, namizədlər arasında seçimlərini etdiklərini, ölkənin gələcəyini daha müsbət gördüklərini bildirsələr də, digərləri məhz bu iki namizəd arasında seçim etmək məcburiyyətində qalmalarından narazıdırlar.
Seçkilərin ikinci turunda 48,7 milyon fransızın səs verməsi gözlənilir. Günorta saatlarında seçici fəallığı 26,41 faiz təşkil edib ki, bu da birinci turun eyni dövrü ilə müqayisədə təxminən 1 faiz (25,48 faiz) çoxdur. 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunun eyni dövrü ilə müqayisədə isə təxminən 2 faiz (28,23 faiz) aşağıdır.
Fransanın bəzi dənizaşırı ərazilərində, eləcə də xaricdə yaşayan fransızlar isə aprelin 23-də səs veriblər.
AZƏRTAC-ın xüsusi müxbiri Parisdəki seçki məntəqələrinin birində seçicilərin fikirlərini öyrənib.
Paris sakini Mari-Lor Uq Döpuant: “Gələcək prezidentimizdən əsasən sülh, müsbət mesajlar gözləyirəm. Ölkəmizin daim sülh şəraitində olmasını istəyirəm. Fransanın dünyaya açıq olmasını təmin edəcək prezidentin olmasını istəyirəm. Əminəm ki, seçimimdə yanılmamışam”.
Paris sakini Jak Valerio: “Gələcək prezidentimizin daha da fəal olmasını, fəallığını daha da artırmasını istəyirəm. Avropa İttifaqı səviyyəsində daha aktiv fəaliyyət gözləyirəm. Bu istiqamətdə artıq nəzərdə tutulmuş fəaliyyətlərin reallaşmasını arzulayırıq.
Seçkilərin nəticələrindən asılı olmayaraq, mövcud beynəlxalq vəziyyətlə əlaqədar hökumətin tezliklə istefaya göndəriləcəyi gözlənilmir.
Prezident seçkilərinin ilkin nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris