REGİONLAR
Lənkəranda gənc rəssamlar üçün ustad dərsləri təşkil olunub VİDEO
Lənkəran, 26 aprel, İ.Cəfərli, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə növbəti ustad dərsləri Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilib. Ustad dərslərinə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının şagirdləri qatılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Anar Kəkəyev ustad dərslərini açaraq qonaqları salamlayıb, gənc rəssamlara uğurlar arzulayıb.
Sonra nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bədii Təhsil şöbəsinin müdiri Fuad Sadıqov, həmin şöbənin əməkdaşı Fəridə Kərimova, Azərbaycan Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı çıxış edərək, belə görüşlər zamanı yeniyetmə rəssamların böyük təcrübə və əyani bilik qazandıqlarını bildiriblər.
Daha sonra malbertlər, sulu boya nümayiş olunub, kağız üzərində naturadan natürmort işləmək üçün dərs keçirilib.
Qonaqlar Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin “Şuşa İli”nə həsr olunmuş əl işlərindən ibarət sərgisinə baxış keçiriblər.
Elmi-metodiki və İxtisasartırma Mərkəzinin Bədii Təhsil şöbəsinin müdiri Fuad Sadıqov açıqlamasında bildirib ki, Şirvan və Gəncə şəhərlərində, Füzuli, Sabirabad və Qobustan rayonlarında da silsilə ustad dərsləri təşkil olunub: “Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda ikigünlük ustad dərsləri planlaşdırılır. Birinci gün rəssamlıq üzrə ustad dərsləri olacaq, ikinci gün isə fortepiano üzrə ustad dərsləri keçiriləcək. Dərsləri tanınmış pedaqoqlar keçirlər. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər davamlı olacaq”.
Lənkəran Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov da ustad dərslərinin əhəmiyyətindən danışıb. “Peşəkar müəllimlərimizlə birgə belə dərslərin keçirilməsi çox vacibdir. Bu dərslər şagirdlər üçün motivasiyadır, çünki artıq onlar peşəkarlarla birbaşa ünsiyyətdə olurlar. Tanınmış müəllimlərin bilik və bacarqılarını mənimsəyirlər. Ustad dərslərində paytaxt Bakıdan peşəkar müəllimlərin gəlməsi bizi sevindirir”, - deyə Xəzər İbrahimov bildirib.