Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm.

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub.

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik.

Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək diləyirəm.

 
Frank-Valter Ştaynmayer
Almaniya Federativ Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin