İQTİSADİYYAT


Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə məsul nazirlərinin “ad hoc” iclası keçirilib

Bakı, 27 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin “ad hoc” iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev salamlama nitqi ilə açıblar.

Rəşad Nəbiyev çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa, xüsusilə İKT sahəsində iş birliyinə böyük önəm verdiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş ərazilərində “Ağıllı” şəhər və kəndlərin qurulması, eləcə də ənənəvi şəhərlərin “Ağıllı şəhər”lərə transformasiyası qarşıda duran əsas hədəflərdir.

Rəşad Nəbiyev TDT ölkələrinin şirkətlərini Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Ağıllı şəhər” layihələrində iştiraka dəvət edib.

Nazir vurğulayıb ki, rəqəmsal transformasiyanın genişlənməsi 4-cü sənaye inqilabına keçidlə yanaşı, kibertəhlükələr üçün yeni sahələr və hədəflər yaradır. Rəşad Nəbiyev kibertəhlükəsizlik sahəsində, eyni zamanda, e-imzaların tanınması ilə bağlı həm çoxtərəfli, həm də ikitərəfli formatda işlərə başlanılması təklifini irəli sürüb.

Nazir, həmçinin TDT ölkələri arasında “Mobil Cihazın Qeydiyyatı üzrə Müştərək Sistem”in yaradılmasının vacibliyinə diqqət çəkib.

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Mussin, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın təmsilçiləri çıxış ediblər.

Qeyd edək ki, Türkdilli Dövlətlər Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilata üzv dövlətlərdir.

Macarıstan və Türkmənistan isə müşahidəçi statusundadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.