ELM VƏ TƏHSİL
Türkpatentin rəhbəri Azərbaycan əqli mülkiyyət sisteminin idarə edilməsi modeli ilə maraqlanıb





Bakı, 31 may, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “TEKNOFEST Azərbaycan” festivalının tədbirlərində iştirak edən Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent) sədri vəzifəsini icra edən Cemil Başpınarla görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyət dairəsi, strukturu və əlaqələri barədə ətraflı məlumat verib, əqli mülkiyyət sisteminin nəzəri və praktiki amillərinin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb, gələcək əməkdaşlığın, əsasən kadrların hazırlanması sahəsində perspektivlərini müzakirə ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin islahatlar siyasəti çərçivəsində yenidən formalaşan əqli mülkiyyət sahəsinin idarə olunmasından söz açan K.İmanov qeyd edib ki, hazırda Agentliyin tabeliyində 4 publik hüquqi şəxs - Respublika Elmi-Texniki Kitabxana, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi fəaliyyət göstərir.
Onun sözlərinə görə, vahid çətir altında fəaliyyət göstərən bu qurumların əsas vəzifəsi əqli mülkiyyətin müasir dövrdə dəyişən roluna uyğun olaraq ölkəmizdə əqli mülkiyyət ekosistemini formalaşdırmaq və effektivliyini təmin etməkdir. Bu, özündə tək hüquqi deyil, eləcə də iqtisadi və sosial aspektləri ehtiva edəcək yanaşma olaraq, dövlət siyasətinin həyata keçirilməsinə dəstək və xidmət üsulu kimi təzahür edir.
O, həmçinin vurğulayıb ki, Agentlik öz idarəetmə modelinə uyğun olaraq əqli mülkiyyətin hər iki qolunun - müəlliflik hüququnun və sənaye mülkiyyətinin inkişaf etdirilməsini özünün əsas vəzifələrindən bilir. Bu çərçivədə Agentlik tərəfindən aparılan nəzəri araşdırmalar sırasında K.İmanov patent hüququ ilə müəlliflik hüququnun qarşılaşdığı təzadlı məqamlara aydınlıq gətirilməsi, patent analitikası üzrə elmi tədqiqatların aparılması, süni intellekt və Biq-datalarla (böyük həcmli məlumatlar) əlaqəli çalışmaları qeyd edib.
K.İmanov Agentlikdə fəaliyyət göstərən PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sistemi, eləcə də treninq mərkəzi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının yaradılması və magistrlər üçün təhsil proqramının tətbiqi barədə də məlumat verib. Agentliyin Çağrı mərkəzinin fəaliyyəti də diqqətə çatdırılıb. Qeyd edilib ki, buradan Agentliyin mütəxəssisləri əqli mülkiyyətin bütün spektri üzrə maraqlı şəxslərdən daxil olan sorğu və suallara dürüst cavablar verir, onları istiqamətləndirirlər.
Qəbula görə minnətdarlığını bildirən C.Başpınar Azərbaycanda gördükləri münasibəti dostluq, qardaşlıq və səmimiyyət kimi dəyərləndirib. O, həmçinin Azərbaycan əqli mülkiyyət sisteminin idarə edilməsi modelinin təfərrüatları ilə maraqlanıb, həmsöhbətindən aldığı cavablardan sonra bu təcrübədən yararlanmaq istəyinin olduğunu bildirib. C.Başpınar Agentliklə əməkdaşlığa dair anlaşma memorandumunu imzalamağa hazır olduğunu, bu sənədin müddəalarının nəzərdə tutduğu fəaliyyətlərin qısa zamanda həyata keçirilməsinin əhəmiyyətini, iki təşkilatın gələcək əməkdaşlığına ümidvar olduğunu bildirib.
K.İmanov da həmin sənədin imzalanmasını dəstəkləyərək vurğulayıb ki, ikitərəfli əlaqələrdə daha çox üstünlük əməkdaşlar arasında ünsiyyətə verilməlidir. O, bu əməkdaşlığın, işbirliyinin ürəkdən gəldiyini deyib.