Çində 6,1 bal gücündə zəlzələ insan tələfatına səbəb olub VİDEO
Pekin, 1 iyun, AZƏRTAC
Çinin cənub-qərbindəki Siçuan vilayətində 6,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkan Yaan şəhərinin Luşan rayonunda yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 13:00) radələrində baş verib. Təxminən 3 dəqiqə sonra qonşuluqdakı Baosin rayonunda 4,5 bal gücündə afterşok qeydə alınıb. Təkanlar vilayətin paytaxtı Çenduda, habelə Çunçin şəhərində də hiss olunub.
Son məlumata əsasən, təbii fəlakət nəticəsində Luşan rayonunda 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaşayış binalarına, fərdi evlərə və infrastruktura ziyan dəyib. Ərazidən keçən qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 1400 nəfərdən çox yanğınsöndürən cəlb olunub. Yaan şəhər hökuməti 2-ci dərəcədə fövqəladə hazırlıq elan edib. Hazırda ərazidə axtarış işləri aparılır.
Qeyd edək ki, Luşan rayonunda bundan əvvəl də dağıdıcı zəlzələlər qeydə alınıb. 2013-cü ildə 7 bal gücündə zəlzələ nəticəsində 196 nəfər ölmüş, 11 mindən çox sakin xəsarət almışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin