DÜNYA
İtaliyada Respublika Günü qeyd olunur VİDEO
Roma, 2 iyun, AZƏRTAC
İyunun 2-də İtaliya Respublikasının milli bayramı – Respublika Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella paytaxt Romanın Venesiya meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub. Mərasimdə İtaliyanın Baş naziri Mario Draqi, müdafiə naziri Lorenzo Guerini, Senatın sədri Maria Elisabetta Alberti Kasellati və Nümayəndələr Palatasının sədri Roberto Fiko iştirak ediblər.
İtaliya Silahlı Qüvvələrinin milli akrobatika komandası Roma səmasında ənənə halını alan uçuşlar nümayiş etdirib.
İkiillik pandemiya məhdudiyyətlərindən sonra gün ərzində ənənəvi parad, həmçinin ölkə rəsmilərinin iştirakı ilə müxtəlif mədəni tədbirlər keçiriləcək.
Qeyd edək ki, İtaliya İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə xalq səsverməsi ilə monarxiyadan respublika idarəetmə sisteminə keçib. O vaxtdan bəri ölkə ikipalatalı (Senat və Nümayəndələr Palatası) qanunvericilik sistemi ilə idarə edilir. Ötən 76 ildə İtaliyada 13 prezident seçilib, 66 hökumət fəaliyyət göstərib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma