Nabat Qaraxanova: Şuşanın tanıdılmasında iştirak etmək olduqca qürurverici və şərəflidir VİDEO

İstanbul, 3 iyun, AZƏRTAC
Bu gün İstanbulda “IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının ikincisi keçirilir. Keçən il start verilən bu festivalda rəqəmsal sənətin nə qədər inkişaf etdiyini görmək mümkündür. Builki festivalın iki əsas mövzusu var. Bunlardan birincisi Türkiyənin ilk süni intellekt kuratoru “Avind”in sərgini təşkil etməsi və bir azərbaycanlı olaraq mənim üçün də qürurverici olan Azərbaycanın ilk süni intellekti “Şuşa”nın öz kompozisiyasını təqdim etməsidir. Çünki bir azərbaycanlı üçün Şuşa əvəzsizdir və tarixi Azərbaycan torpağı olan Qarabağın mədəniyyəti hər kəsə bəllidir. Rəqəmsal sənəti dəstəkləmək, bu kimi tədbirləri təşkil etməklə yanaşı, bir azərbaycanlı kimi, Şuşamızın tanıdılmasında iştirak etmək mənim üçün olduqca qürurverici və şərəflidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda təşkil olunan “IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının təşkilatçısı “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova ifadə edib.
Bildirilib ki, festivalda nümayiş etdirilən “Şuşa” kompozisiyası Azərbaycan və Qarabağ xalçalarının rəqəmsal aləmdə toxunub Azərbaycan milli musiqisi ilə bir araya gələrək ictimaiyyətə təqdim edir.
Kompozisiyanın ərsəyə gəlməsinə göstərilən köməkliyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edən müsahib deyib: “Şuşa” kompozisiyasının bu festivalda təqdim edilməsi üçün bir ildən artıq hazırlıq prosesindən keçdik. Kompozisiya Azərbaycan Mədəniyyət Nazirliyinin bizə təqdim etdiyi informasiya, şəkil, musiqi kimi nümunələr əsasında ərsəyə gəldi. Bütün bu nümunələr “Şuşa” süni intellektinin alqoritminə yüklənib. Nəticə etibarilə Azərbaycan xalçası beynəlxalq səviyyədə ilk dəfə rəqəmsal texnologiya vasitəsilə təqdim edildi. Burada nümayiş olunan 13 əsər arasında “Şuşa” solo nümayişini etdi”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul