DÜNYA
Çinin 3-cü hərbi təyyarədaşıyan gəmisi istismara verilib VİDEO
Pekin, 17 iyun, AZƏRTAC
Çin özünün 3-cü hərbi təyyarədaşıyan gəmisi olan “Fucien”i istismara verib. İyunun 17-də Şanxayda gəminin istismara verilmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, su basımı 80 min tondan çox olan nəhəng gəmi Asiyada ən iri hərbi gəmidir. Çin Xalq Azadlıq Ordusunun açıqlamasına əsasən, uzunluğu 300 metr olan gəmi sabitqanadlı təyyarələri havaya qaldırmaq üçün elektromaqnit işəsalma və katapult sistemləri ilə təchiz olunub. Bu amil “Fucein”i Çinin digər 2 təyyarədaşıyan gəmisindən daha çox döyüşqabiliyyətli edir.
Şanxaydakı dövlət gəmiqayırma zavodunda inşa edilən gəminin qarşıdakı aylarda döyüş qabiliyyətinin və xüsusi avadanlıqlarının testi də daxil olmaqla bir neçə sınaq yoxlamaları olacaq.
Qeyd edək ki, Çin ordusunun istismarında “Fucien”dən başqa “Liaonin” və “Şandon” adlı 2 təyyarədaşıyan gəmi də var. “Liaonin” keçmiş Sovet hərbi dəniz qüvvələrinin “Varyaq” gəmisidir. Çin həmin gəmini yenilədikdən sonra 2012-ci ildə istismara verib. Çinin tamamilə yerli istehsal olan “Şandon” təyyarədaşıyan gəmisi isə 2019-cu ildə silahlı qüvvələrin istifadəsinə verilib. Hər iki gəminin su basımı təxminən 50 min tondur.
Çin 2035-ci ilədək ən azı 6 hərbi təyyarədaşıyan gəmiyə sahib olmağı hədəfləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin