Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Azərbaycan parlament nümayəndə heyətinin bu günlərdə Türkiyənin İstanbul şəhərində işgüzar səfəri barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransının müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Milli Məclisin sədri qismində konfransın birinci panelinin əsas məruzəçisi kimi etdiyi çıxışda Sahibə Qafarova miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərini səsləndirib.

S.Qafarova illər öncə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olarkən topladığı təcrübəyə əsaslanaraq qeyd edib ki, müvafiq qlobal sazişlər miqrantların və qaçqınların hüquqlarının qorunması üçün bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini göstərir.

Konfransda Milli Məclisin sədri bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verərək vurğulayıb ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması dövlətimizin miqrasiya siyasətinin prioritetlərini təşkil edir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biri, regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir.

Konfransda Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən danışan Sahibə Qafarova bildirib ki, 30 il ərzində işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan 1 milyona yaxın qaçqının və məcburi köçkünün ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri həyata keçirib.

İşğal olunmuş torpaqların azad edilməsi ilə regionda yeni reallıqlar və imkanlar yarandığını diqqətə çatdıran Milli Məclisin sədri Qələbəmiz sayəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun təmin olunduğunu və ölkəmizin bu gün dinamik daxili miqrasiya proseslərinin astanasında olduğunu vurğulayıb. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağı və Şərqi Zəngəzuru turizm və investisiyalar üçün cəlbedici bir məkana çevirəcəkdir.

Sədr bildirib ki, İstanbul şəhərinə işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla ikitərəfli görüş də keçirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi, dostluq və qardaşlıq nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin ikitərəfli əməkdaşlığın dinamik inkişafına töhfə verdiyi nəzərə çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 20 məsələ daxil edilib. Dünya iqtisadiyyatında gedən proseslər və bu proseslərin ölkə iqtisadiyyatında yaratdığı meyillər, o cümlədən ötən 5 ayın makroiqtisadi göstəriciləri bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi zərurətini irəli sürüb. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib. Gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir. Hər üç qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini diqqətə çatdıran Sahibə Qafarova məsələlərin müzakirəsi ilə əlaqədar iclasda aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyini bildirib. Hər üç qanun layihəsinin büdcə zərfi ilə bağlı olduğuna görə məsələlərin təqdimatlarının ayrılıqda aparılması, müzakirələrin birlikdə, səsvermənin isə ayrılıqda aparılması təklif olunub.

İclasda İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı çıxış edib.

Bildirilib ki, qanun layihəsinə dair izahatda 2022-ci ildə dövlətin müdafiəsinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, sosial qayğının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlərin dövlət qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.

Bildirilib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən büdcə gəlirlərinin 26 milyard 816 milyon, xərclərinin 29 milyard 879 milyon, kəsirinin isə 3 milyard 63 milyon manat olması planlaşdırılmışdı. Eyni zamanda, 2022-ci ildə Ümumi Daxili Məhsulun real artım tempinin 3.9 faiz, inflyasiyanın orta illik səviyyəsinin 4 faiz, orta aylıq əməkhaqqının artım tempinin isə 8.7 faiz olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geoiqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində ölkə iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə olunan valyuta gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2 faiz, qeyri-neft sahəsində ÜDM 11 faiz artım nümayiş etdirilib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi 25 milyard manatı keçib, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5 faiz artıb. Bu ilin birinci rübü ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Bu müddət ərzində neft ixracından 3.8 milyard dollar, qaz ixracından isə 3.5 milyard dollar valyuta gəlirləri əldə edilib. Qeyd olunub ki, bu artımlar son 12 ilin ən böyük artımlarıdır. Həmçinin göstərilən müddət ərzində orta aylıq əməkhaqları 14,2 faiz artıb, inflyasiyasının orta illik göstəricisi 12.6 faiz, Azer Light markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin beş ayı ərzində dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən, dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 milyard manat və ya 10.8 faiz çox yerinə yetirilib. Bu müddətdə dövlət büdcəsinin xərcləri proqnozdan 70 milyon manat və ya 0.7 faiz çox icra edilib. Bu dövrdə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2,4 dəfə çoxdur. Bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin yaradıb.

Tahir Mirkişili bildirib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon manat, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif edilir. Qeyd olunub ki, dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, yol, nəqliyyat və təhsil sahələrində infrastruktur layihələrin maliyyələşdirilməsinin davam etdirilməsi, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi və digər ehtiyacların qarşılanması üçün xərclərin artırılmasına dair ölkə başçısının digər tapşırıqları da olub.

Qeyd edilib ki, 2022-ci ilin ötən 5 ayında ölkə iqtisadiyyatının inkişaf göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş nəticələri olduqca məmnunedicidir. Həmin dövr ərzində 50,9 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri də əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 27,8 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Cari ilin 5 ayı ərzində fiskal orqanlar dövlət büdcəsinə proqnozlaşdırılandan daha çox gəlir təmin ediblər. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb.

Ötən müddətdə icmal büdcənin göstəricilərində də əhəmiyyətli dəyişikliklər qeydə alınıb. İcmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və ya 24,2 faiz artıb. Ötən 5 ay ərzində icmal büdcə üzrə 2 milyard 179 milyon manat kəsir proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 900 milyon manat büdcə artıqlığı yaranıb.

Qeyd olunub ki, yenidən baxılmaqla formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.

Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5,5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat, xərcləri isə 35 milyard 541 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən müvafiq olaraq gəlirlər üzrə 8 milyard 976 milyon manat və ya 32,4 faiz, xərclər üzrə isə 2 milyard 627 milyon manat və ya 8 faiz çoxdur. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunsa da, 6 milyard 349 milyon manat əlavə gəlirlər hesabına icmal büdcədə 1 milyard 120 milyon manat profisit gözlənilir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 606 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 300 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181 milyon manat təşkil edəcək, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin və xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiyanın isə 26 milyon manat və ya 6 faiz artırılması nəzərdə tutulur. Artımdan sonra Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606 milyon manat təşkil edəcək.

Qeyd edilib ki, təqdim olunmuş dəyişikliklərdə “Büdcə sistemi haqqında” qanunda təsbit olunmuş büdcə qaydasına, büdcə qaydası üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsiri və dövlət borcu üzrə hədəf göstəricilər üzrə müəyyən edilmiş yuxarı xətlərə tam riayət olunub.

Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının və müvafiq düzəlişlərin edilməsinin əsas hədəfi ölkəmizin artan maliyyə potensialı və gəlirləri hesabına Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin və inkişaf gündəliyində duran məsələlərin həlli üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, sənədə əsasən, Fondun gəlirlərinin və xərclərinin bərabər olmaqla, 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcək.

Sonra komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında danışıb. Təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.

Komitə sədri Tahir Mirkişili "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim edib.

Palata sədri çıxışında dövlət büdcəsinin yenidən baxılan layihəsi ilə bağlı büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozların, o cümlədən dünya və Azərbaycan üzrə əsas iqtisadi meyillərin təhlilini nəzərə çatdırıb. 2022-ci ilin yenidən baxılan dövlət büdcəsinin layihəsinin “Büdcə sistemi haqqında” qanunun tələblərinə və büdcə qaydasına uyğunluğu, fiskal risklər barədə məlumat verib.

Bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə COVID-19 pandemiyası, neftin qiymətinin və hasilat həcmlərinin azalması, dövlət zəmanətli borclar, geniş subsidiyalaşdırılmadan irəli gələn risklər əsas risklər kimi qeyd edilib.

Vüqar Gülməmmədov, həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcələrinə dəyişikliklə bağlı gəlir və xərclərinə dair rəyləri də diqqətə çatdırıb.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Ramin Məmmədov, Rəşad Mahmudov, Aqiyə Naxçıvanlı, Vüqar Bayramov, Elşən Musayev, Tahir Kərimli, Fazil Mustafa qanun layihələrini dəstəklədiklərini bildiriblər, dəyişikliklər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin yekununda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda gündəliyin üçüncü oxunuşda olan növbəti 6 məsələsinə baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Komitə üzvlərinin Ələt Azad İqtisadi Zonasına səfər etdiyini, Azad Zonada görülən işlər, gələcək planlar və sahibkarların bu zonada fəaliyyəti ilə bağlı yaradılan şəraitlə tanış olduqlarını bildirib.

Qeyd olunub ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, qanun Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir. Sənəddə investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və əsas istiqamətləri, dövlət tənzimlənməsinin prinsipləri, investisiya fəaliyyətinin təşviqi, prioritetləri və həyata keçirilməsi formaları öz əksini tapıb. Eyni zamanda, investorların hüquq və vəzifələri, bu sahədə dövlət tərəfindən verilən təminatlar və digər məsələləri əhatə edən maddələr təsbit olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirilib ki, təklif edilən dəyişikliklər "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti üç məsələ Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. Hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanundan irəli gəlir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrindən bəhs edib. Bildirib ki, qeyd olunan məcəllələrə nəzərdə tutulan dəyişikliklər "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edir.

Komitə sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı Səhiyyə komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Sonra gündəlikdəki növbəti sənəd barədə bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Bu layihə barədə İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Səhiyyə komitələrinin müsbət rəyləri səsləndirilib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra gündəlikdə ikinci oxunuşda olan üç məsələyə baxılıb.

Əvvəlcə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq hazırlanıb və həmin qanunla digər qanunlar arasında uzlaşmanı təmin edir.

Təklif olunan dəyişikliklər barədə Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Musa Quliyev Əmək və sosial siyasət, Tahir Rzayev Aqrar siyasət, Fazil Mustafa Mədəniyyət komitələrinin rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb. Bildirib ki, qanun layihəsi sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə ölkə ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası və digər sosial müdafiə təminatı hüququ olduğundan bu qanunun da həmin şəxslərə şamil edilməsi nəzərdə tutulur. Sığortaolunanın sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması və bir sıra digər düzəlişlər təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. Təklif olunan dəyişikliklər həmin qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda birinci oxunuşda olan qanun layihələri təqdim edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, layihə Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilib. Medal barədə Əsasnaməyə əsasən, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti məsələləri - “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini konseptual baxımdan təqdim edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya mövcuddur. Həmin strategiyada dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulub. Məhz bu strategiyanın tətbiqi nəticəsində cari ilin əvvəlində İcra hakimiyyəti orqanlarında əməyin ödəniş sistemi təkmilləşdirilib və dövlət qulluqçularının vəzifə maaşı artırılıb. Bu gün isə məhkəmə hakimiyyəti, qanunvericilik hakimiyyəti orqanlarında, İnsan hüquqları üzrə müvəkkil təsisatında icra hakimiyyəti orqanları ilə eyni vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulub. Qeyd olunub ki, təklif olunan dəyişikliklərdə qanunvericilik və məhkəmə hakimiyyətində oxşar mexanizm tətbiq olunur, yəni əməkhaqqına əlavələr edilir, digər müavinətlər ləğv olunur. Bununla yanaşı, hakimiyyət orqanlarının əməkhaqlarında mövcud olan bağlılıq aradan qaldırılır və hakimiyyət qollarının əməkhaqqı müstəqil qaydada müəyyən edilir. Bu qanun layihələri dövlət orqanlarında vahid əməkhaqqı sisteminin tətbiqini təmin edəcək. Komitə sədri deputatların Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı çıxış edib. O, əməkhaqqı sisteminin şəffaf və dayanıqlı olmasının əhəmiyyəti barədə danışıb və yuxarıda qeyd olunan dəyişikliklərin Hesablama Palatasının əməkhaqqı sistemində də tətbiq edildiyini bildirib.

Daha sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Sənədə əsasən, Məcəllənin 102.1.17-ci maddəsində "Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq" sözləri "Müvafiq" sözü ilə əvəz edilir. Dəyişiklik "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılma məqsədi daşıyır.

Sonra gündəliyin son 6 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb