SİYASƏT
21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili günü elan etmişdir.
Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliynin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.