Türkiyədə Qurban bayramı böyük coşqu ilə qeyd edilir VİDEO
İstanbul, 9 iyul, AZƏRTAC
Müsəlmanların yaşadığı hər bir ölkədə olduğu kimi, qardaş Türkiyədə də Qurban bayramı böyük coşqu ilə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə əhali küçələrə, məscidlərə axın edib. Ayasofya məbədində gecə saatlarında izdiham müşahidə olunub. Məsciddə bayram namazında iştirak etmək məqsədilə ölkənin fərqli vilayətlərindən olduğu kimi, müxtəlif ölkələrdən də İstanbula gələnlər var. Onları şəhərdə özünəməxsus milli geyimləri ilə görmək mümkündür. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da bayram namazında Ayasofyada olub.
Bayram münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmilərinin Türkiyə ilə yanaşı, bütün dünya müsəlmanlarına təbrik mesajları yayımlanıb.
Qeyd edək ki, hər il olduğu kimi, bu bayramda da Türkiyədə qurban kəsim nöqtələri şəhər bələdiyyələri tərəfindən müəyyən edilir. Hazırda ölkədə, eləcə də İstanbulda təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul