ELM VƏ TƏHSİL
Akademik Kamal Abdulla: Prezidentin elm və təhsil sahəsindəki Fərmanının Azərbaycanın gələcəyi üçün çox böyük əhəmiyyəti var
Bakı, 29 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı Azərbaycan elmi üçün çox vacib bir sənəddir və cəmiyyətimiz tərəfindən də müsbət qarşılanıb. Bu, Azərbaycan elminə də, Azərbaycan ictimai-fəlsəfi fikrinə də, Azərbaycan intellektual düşüncə tərzinə də böyük faydası olan bir addım oldu.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu akademik Kamal Abdulla Prezidentin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərmanı haqqında fikirlərini bölüşərkən söyləyib.
“Əlbəttə ki, çox iş görmək lazımdır, institutların təhsil sisteminə inteqrasiyası, gələcəkdə müstəqil şəkildə humanitar institutların artıq özünəməxsus və həmahəng hərəkət etmələri çox vacibdir, onları birləşdirən dili tapmaq lazımdır. Çünki zaman var ki, elmlər inteqrasiya olunur, zaman var ki, diferensiasiya olunur. İndi inteqrasiya zamanıdır, yəni müxtəlif istiqamətlərin bir-biri ilə birləşməyə can atdığı zamandır. Elm və təhsil, elm və tədris, bütün bunlar cəmiyyətdə gedən proseslərə cavab verməlidir. Elm və Təhsil Nazirliyinə verilən institutların təhsil sisteminə inteqrasiyasını düşünmək lazımdır. Son dərəcə ciddi, peşəkar bir dönəm başlayır və Prezidentin Fərmanında qarşıya qoyulan vəzifələr yerinə yetirməlidir. Bütün bunların Azərbaycanın gələcəyi üçün çox böyük əhəmiyyəti vardır”, - deyə akademik qeyd edib.