DÜNYA
Tayvanda baş verən zəlzələdə bir nəfər ölüb, 146 nəfər xəsarət alıb VİDEO
Pekin, 19 sentyabr, AZƏRTAC
Tayvan adasının şərqindəki Hualien rayonunda baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb, 146 nəfər müxtəlif bədən xəsarəti alıb.
AZƏRTAC xəbər verir ki, ölən şəxs zəlzələnin episentri olan Yuli qəsəbəsindəki sement zavodunun fəhləsi olub. Xəsarət alanların hamısı Yuli sakinləridirlər. Yeraltı təkan nəticəsində tikililərə ziyan dəyib, su, elektrik və rabitə xətləri qırılıb. Nəticədə 7 mindən çox evin su və elektrik təchizatında fasilə yaranıb. Qəsəbədəki üçmərtəbəli bina isə çöküb. Xilasedicilər dağıntı altında qalan 4 nəfəri, o cümlədən beşyaşlı qızı xilas ediblər. Bundan başqa, yol ötürücüsünün uçması nəticəsində içərisində 3 nəfər olan avtomobil aşıb. Onlar sağ çıxarılaraq xəstəxanaya yerləşdiriliblər. Zəlzələ nəticəsində meydana gələn torpaq sürüşməsi Çike dağındakı kurorta gedən yolu yararsız hala salıb. Nəticədə kurortda qalan 400-dən çox turist ilə əlaqə kəsilib. Yeraltı təkan nəticəsində qatar vaqonları aşıb. Hualien və Taytunq məhəllərindəki bir neçə qəsəbədə iş fəaliyyəti və məktəblərdə dərslər təxirə salınıb.
Qeyd edək ki, Çinin Seysmologiya Mərkəzi Tayvan adasının şərq sahilində yerləşən Hualien mahalında sentyabrın 18-də Pekin vaxtı ilə 14:44-də (Bakı vaxtı ilə 10:44) 6,9 bal gücündə zəlzələ olması barədə məlumat yayıb. ABŞ-ın Geologiya Xidməti isə zəlzələnin gücünü 7,2 bal hesablayıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Sentyabrın 17-də isə Hualien ilə qonşu Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub. İlk zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin