Anadolu Agentliyi mediada müəllif hüquqlarının qorunması mövzusunda simpozium təşkil edib VİDEO
Ankara, 14 oktyabr, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi “Dijitallaşma prosesində mediada müəllif hüquqlarının qorunması” mövzusunda simpozium təşkil edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Agentliyin mərkəzi ofisində keçirilən simpoziuma rəsmi şəxslər, tanınmış jurnalistlər, beynəlxalq statuslu kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.
Açılış mərasimində Anadolu Agentliyinin Baş direktoru Serdar Karagözün, professor Hüseyn Yamanın, doktorlar Ali Taha Koçun və Ziya Taşkentin çıxışları dinlənilib.
Sonra simpozium dörd panel üzrə davam edib.
Mütəxəssislər dijitallaşma dövründə medianın hüquqlarına dair prosesləri mərhələli şəkildə təhlil ediblər. Vurğulanıb ki, bu problemin həlli mükəmməl qanunvericilik bazası ilə tənzimlənməlidir.
Çıxışlarda qeyd olunub ki, müasir dövrdə kütləvi informasiya orqanlarının hüquqlarının qorunması xəbərçilik sahəsində məsuliyyətin artmasını və dezinformasiyaların aradan qaldırılmasını təmin edən yeganə çıxış yoludur.
Bütün panellər üzrə müzakirələrdən sonra suallar cavablandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara