Hindistanda helikopter qəzasında 7 nəfər ölüb VİDEO
Bakı, 18 oktyabr, AZƏRTAC
Hindistanda kiçikpərli helikopterin Himalay dağlarında qəzaya uğraması nəticəsində 1 pilot və 6 sərnişin ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, “Bell 407” helikopteri Uttaraxand ştatında 3 min 584 metr yüksəklikdə yerləşən Kedarnat məbədindən zəvvarları geri gətirərkən yerli vaxtla saat 11:40 radələrində qayalara çırpılıb. Qəzanın dəqiq səbəbi hələlik müəyyən edilməsə də, uçuş vaxtı ərazidə havanın əlverişsiz olduğu bildirilir. Hindistanın mülki aviasiya naziri Cyotiraditya Sindia səlahiyyətli qurumların qəzanın səbəblərini araşdırdıqlarını bildirib.
Qeyd edək ki, Kedarnat məbədinə gedən yol çətin keçilən olduğundan zəngin zəvvarlar özəl şirkətlərin helikopter xidmətindən istifadə edir.