Respublika Uşaq Kitabxanasında “Yazarlarımızı tanıyaq və mütaliə edək” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yazarlarımızı tanıyaq və mütaliə edək” layihəsi çərçivəsində uşaq yazarı Raziyyə Rəhimzadə ilə görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Raziyyə Rəhimzadə uşaqlara rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabı haqqında məlumat verib, sonra onların çoxsaylı suallarını cavablandırıb.
Kitabda antik dövrü əhatə edən əfsanələr, palçıq vulkanları, muğam, bülbül, qızılgül, çobanyastığı, güvə, Atəşgah, Xəzri, Gilavar, Qız qalası mövzusunda müəllifin 11 hekayəsi yer alıb. Hər bir əfsanə gənc rəssam Nigar Mustafayevanın rəsmlərilə müşayiət olunub.
Görüşün sonunda uşaqlarla imza saatı keçirilib və 3-cü sinif şagirdləri yazıçıya çəkdikləri rəsmləri hədiyyə ediblər.