ABŞ-da təyyarə çoxmənzilli binaya çırpılıb VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Nyu-Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb. Hadisə nəticəsində laynerdəki insanların hamısı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin hakimiyyət orqanları “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
"Təyyarə Kin hava limanı yaxınlığında yerləşən yaşayış binasına çırpılıb. Binanın sakinləri arasında xəsarət alan olmasa da, təyyarədəki insanların hamısı həyatını itirib”, - məlumatda belə deyilir.
CBS telekompaniyası ABŞ Federal Aviasiya İdarəsinə istinadla təyyarənin tək mühərrikli olduğunu bildirib. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.
Hadisədən sonra binada yanğın başlayıb. Hazırda yanğınla mübarizə xidmətinin əməkdaşları qəzanın baş verdiyi ərazidə fəaliyyət göstərir.