DÜNYA
Qazaxıstanda “Respublika Günü” qeyd olunur VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Bu gün Qazaxıstanda 13 ildən sonra ilk dəfə Respublika Günü milli bayram kimi qeyd olunur.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Akorda” iqaməti qarşısında Respublika Günü münasibətilə dövlət bayrağı qaldırılıb.
Bayramla əlaqədar Qazaxıstanda üç gün - oktyabrın 23, 24 və 25-i qeyri iş günləri elan edilib.
1990-cı il oktyabrın 25-də Qazaxıstanda dövlət suverenliyi haqqında bəyannamə qəbul olunub. Həmin tarixdən qeyd edilən “Respublika Günü” 2009-cu ildə dövlət bayramları siyahısından çıxarılıb.
Bu il sentyabr ayının sonlarında Prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi haqqında” qanun layihəsini imzalayıb. Qanunda dekabrın 1-də qeyd olunan “İlk Prezident Gününün” dövlət bayramları siyahısından çıxarılması və oktyabrın 25-də “Respublika Günü”nün milli bayram kimi qeyd edilməsi barədə dəyişiklik də yer alıb.