SİYASƏT
Ankarada Fransanın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib VİDEO




Ankara, 7 noyabr, AZƏRTAC
Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq Türkiyənin Ankara şəhərində etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan aksiya iştirakçıları əllərində Türkiyə və Azərbaycanın dövlət bayraqları, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən fotoplakatlar, Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə qarşı yazılar tutaraq ölkəmizi dəstəkləyən şüarlar səsləndiriblər.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-in rəhbəri professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.
Diqqətə çatdırılıb ki, çox sayda qeyri-hökumət təşkilatının dəstəklədiyi, eləcə də Türkiyənin Qazilər və Şəhid Ailələri Vakfının, Azərbaycandan təşrif buyuran şəhid ailələrinin iştirakı ilə keçirilən aksiya ilə otuz il terrorçu Ermənistanın təcavüzü altında olan torpaqlarını beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad edən Azərbaycanla həmrəyliyimizi bir daha ifadə edir, Fransanın Qarabağ Zəfərini həzm edə bilməməsinə öz etiraz səsimizi ucaldırıq.
Bəyanatda Türkiyənin şanlı Qarabağ Zəfərini qazandıran şəhid və qazilərə tükənməz ehtiramı ifadə edilib və bildirilib ki, Fransa başda olmaqla ATƏT-in Minsk qrupunun həmsədrlərinin Xocalı soyqırımı da daxil olmaqla Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayətlərin törədilməsinə göz yumması bütün bu cinayətlərin baş verməsinin əsas səbəblərindəndir.
1945-ci il mayın 8-də Setif və Guelma şəhərlərində qətliamları ilə bir milyon əlcəzairlini öldürən Fransa Xocalı soyqırımından ona görə bəhs etmir ki, bu bəşəri cinayətdən cəmi iki il sonra 800 min nəfər günahsız insanın qanına qəltan edildiyi Raunda soyqırımında məhz Fransanın günahkar olduğuna dair beynəlxalq hesabatlar mövcuddur.
Yuxarıda göstərilən faktlar əsasında islamofobiyanın ən şiddətli olduğu ölkələrdən biri olan Fransanın əsasız şəkildə Azərbaycan və Türkiyəni ittiham etməsi, PKK və erməni terror təşkilatlarını dəstəkləməsi və ASALA terror təşkilatından yardım ummasına təəccüblü deyil. Bütün bunlarla bərabər, Fransanın sanki “Qarabağ məsələsi” davam edirmiş kimi görkəm yaratmaq və bununla özünə rol qazanmaq cəhdi heyrətləndiricidir.
Aksiyada Birinci Qarabağ müharibəsi dövründə bətnindən süngü ilə çağası çıxarılan türk qadınının iztirablara; otuzillik zaman kəsiyində işğal altında olan torpaqlarda törədilən vandalizmə, Vətən müharibəsi günlərində Azərbaycanın dinc yaşayış məskənlərinin, eləcə də Gəncə, Mingəçevir, Bərdə, Tərtər və s. şəhərlərin təcavüzkar Ermənistan tərəfindən raket atəşinə tutulması faktlarına Fransanın göz yumması şiddətlə qınanılıb.
Aksiya iştirakçıları tələb ediblər ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 275 nəfərin həyatına bais olan Ermənistanın mina terroruna son qoyulsun, Fransa senatı Azərbaycana qarşı sanksiya sənədi qəbul etdiyi halda bu ölkənin məhsulları kütləvi şəkildə baykot olunsun.
Fransanın əsasız iddialarına etiraz məzmunlu, Azərbaycan-Türkiyə qardaşlığını, türk xalqlarının birliyini tərənnüm edən şüarların böyük coşqu ilə səsləndirildiyi aksiyada Fransanın ikiüzlü sifəti və sərgilədiyi düşmənçilik xislətini dayandırması tələb edilib.
Aksiya iştirakçıları adından səfirliyə etiraz bəyanatı təqdim olunub.
Aksiya Türkiyədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib.
Ankara