Kim Çen Inın qızının görüntüləri mediada ilk dəfə yayımlanıb VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen In ölkəsinin ən böyük ballistik raketinin sınağı ərəfəsində qızı ilə çəkdirdiyi videogörüntüləri mediaya sızdırıb.
AZƏRTAC xəbər verir ki, Şimali Koreya Dövlət İnformasiya Agentliyinin dərc etdiyi videoçarxda Kim Çen In və qızı nüvə silahı daşıya bilən raketi sınaqdan öncə nəzərdən keçirirlər.
Şimali Koreya liderinin qızının sınaqda iştirakı siyasi analitiklər üçün gözlənilməz olub, çünki Pxenyan indiyədək onun mövcudluğu barədə heç bir məlumat verməyib. Onların fikrincə, bu, KXDR-də hakimiyyətin Kim ailəsinin dördüncü nəslinə ötürülməsi üçün hazırlıqların başladığına işarə ola bilər və nüvə silahları bu mirasın bir hissəsidir.
Şimali Koreya mediası ballistik raketə baxarkən atasının əlindən tutan qızın adını açıqlamayıb. Kim Çen Inın iki qız və bir oğlan övladının olduğu güman edilir.
Bu arada Şimali Koreya cümə günü Yaponiya dənizi istiqamətində qitələrarası ballistik raket sınağı həyata keçirib. İlkin məlumata görə, bu, noyabrın 3-də sınaqdan keçirilən, lakin uğursuzluğa düçar olan nəticələnən qitələrarası “Hwasong-17” ballistik raketinin bənzəri ola bilər. Ekspertlərin fikrincə, “Hwasong-17” hazırda Şimali Koreyanın arsenalındakı ən güclü raketdir və onun mümkün uçuş məsafəsi 15 min kilometrə çatır.
ABŞ Pxenyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Kanada liderləri ilə təcili danışıqlar planlaşdırıb.