SİYASƏT
23 SAYLI NƏSİMİ-SƏBAİL DAİRƏSİ ÜZRƏ ƏN QOCAMAN SEÇİCİ BİRİNCİLƏR SIRASINDA SƏS VERMİŞDİR
Oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə əlamətdar olmuşdur. Bu fəallıq respublika paytaxtının mərkəzini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində də müşahidə olunurdu.
Milli Məclisin sədri Oqtay Əsədov bu məntəqədə səs vermişdir.
Məntəqənin sədri Gülnaz Mehdizadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, burada 1125 seçici qeydə alınmışdır, səsvermə çox fəal keçmişdir. Bu seçki dairəsinin ərazisində 37 nəfər ahıl seçici yaşayır. Onlardan ən qocamanının 90 yaşı vardır.
Seçki qanunvericiliyinə müvafiq olaraq xəstə, hərəkət etməkdə çətinlik çəkən seçicilərlə yanaşı, ahıl seçicilərin də səs verməsi üçün səsvermə qutuları onların evlərinə çatdırılmalıdır. Lakin ahıl seçicilərdən yalnız 5 nəfəri bununla razılaşmışdır, digərləri isə bu mühüm tədbirdə iştirak etmək üçün birincilər sırasında səsvermə məntəqəsinə gəlib öz seçimlərini etmişlər.
Seçki məntəqəsinin rəhbərliyi səsvermədə ilk dəfə iştirak edən 20 gəncə xatirə hədiyyələri vermişdir. 21 saylı seçki məntəqəsində səsvermənin gedişini MDB ölkələrindən olan müşahidəçilər izləmişlər. Yerli müşahidəçilər arasında siyasi partiyaların və gənclər təşkilatlarının nümayəndələri var idi. Məntəqədə səsvermənin gedişini müşahidə edən əcnəbi nümayəndələr arasında ATƏT-i və Ümumdünya beynəlxalq müşahidəçilər şəbəkəsini (“Network”) təmsil edən müşahidəçilər də vardı. Bu nüfuzlu təşkilatın nümayəndəsi Yustina Kobletska AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilmiş, heç bir pozuntu qeydə alınmamışdır.
######