“OBI” himermarketindəki yanğının səbəbi bəlli olub VİDEO

Moskva, 9 dekabr, AZƏRTAC
Moskva vilayətindəki “OBI” hipermarketində yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən baş verib.
AZƏRTAC xəbər verir ki, 7 min kvadratmetr sahəni əhatə edən yanğın lokallaşdırılıb. İlkin versiya kimi, yanğının hipermarketdə aparılan qaynaq işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasına görə baş verdiyi ehtimalı irəli sürülüb. Hadisə nəticəsində hipermarketin mühafizəçisi həlak olub.
Yanğın Moskva vilayətinin Ximki şəhərində yerləşən “Meqa” ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən “OBI” hipermarketinin mebel və tikinti materialları şöbəsindən başlayıb. Hadisə partlayışlarla müşayiət olunub. Ehtimal edilir ki, hipermarketdə olan boya və aerozol qutuları partlayıb.
Alovun ticarət mərkəzinin digər bölmələrinə keçməsinin qarşısı alınıb. “OBI” hipermarketi tamamilə yanıb, binanın yalnız aparıcı konstruksiyaları salamat qalıb.
Moskva vilayəti Prokurorluğu faktla bağlı araşdırma aparır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva