REGİONLAR
İmişlidə 14 şəhid ailəsi evlə təmin olunub VİDEO
İmişli, 23 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Şəki, Ağstafa, Tovuz rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil və fərdi ev təqdim olunub. O cümlədən İmişlidə 14 şəhid ailəsindən 11 ailə mənzil, 3 ailə isə fərdi evlə təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlar tərəfindən mənzil və fərdi evlərin təqdim olunması tədbirində nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunurlar.
Bildirilib ki, bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4150, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim dövlət qayğısı ilə əhatə olunduqlarına, həmçinin mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra evlərin sənədləri və açarlar ailələrə təqdim olunub, mənzillərdə yaradılan şəraitə baxış keçirilib.