Yevlaxda bayram konserti VİDEO





Yevlax, 29 dekabr, AZƏRTAC
Yevlax şəhərindəki Heydər Əliyev Xiyabanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb. Bayram tədbirində bildirilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər Əliyevdir.
Qeyd olunub ki, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər. Xalqımız 44 günlük Vətən savaşında milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Bayram konsertində yevlaxlılar respublikamızın tanınmış müğənnilərinin çıxışlarını dinləyib, rəqslərə tamaşa ediblər. İncəsənət xadimlərinin çıxışları sakinlər tərəfindən böyük alqış sədaları altında izlənilib.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.