Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. S.Qafarova yaz sessiyasının başlaması münasibətilə təbriklərini çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

O, Milli Məclisin Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qınadığını bildirib.

Sahibə Qafarova bildirib ki, ötən il parlamentin fəaliyyətinin bütün istiqamətlərində uğurlu nəticələr əldə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Parlamentin sədri görülən işlər, həmçinin Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında və Əlcəzairə keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib.

Parlamentin sədri Milli Məclisin indiyədək əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib. O deyib ki, bu sessiya və il ərzində fəaliyyətin ən mühüm mövzusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. Artıq həm Milli Məclisin, həm də komitələrin yubileylə bağlı tədbirlər planları hazırlanıb.

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı barədə danışan Sahibə Qafarova əlavə edib ki, gələcək aylarda qanun layihələrinin müzakirələri ilə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı da dinləniləcək.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Komitə sədri Zahid Oruc, deputatlar Kamran Bayramov, Nizami Səfərov, Elnur Allahverdiyev, Əminə Ağazadə, Elşən Musayev, Afət Həsənova, Elman Nəsirov, Vüqar Bayramov, Fəzail Ağamalı yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı barədə fikirlərini açıqlayıblar.

Deputatlar bu xain terror aktını qətiyyətlə pisləyərək, onun obyektiv şəkildə araşdırılmasını və təqsirkarların müəyyən edilərək cəzalandırılmasını tələb ediblər. Qeyd edilib ki, bu hadisə beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Deputatlar Azərbaycan səfirliyinə olan hücumun ikitərəfli münasibətlərə ciddi təsir etdiyini və bu hadisəyə görə İran dövlətinin məsuliyyət daşıdığını söyləyiblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 21 məsələ müzakirə olunacaq. O qeyd edib ki, ilk üç məsələ Milli Məclisin qərar layihələridir.

Bildirilib ki, parlamentin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur və həmin plan hər növbəti sessiyanın birinci iclasında qəbul olunur. Qeyd olunub ki, bugünkü gündəliyin birinci məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Plan 9 bənddən ibarətdir.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Jalə Əliyeva, Vahid Əhmədov, Əliabbas Salahzadə, Bəhruz Məhərrəmov, Etibar Əliyev, Əziz Ələkbərov yaz sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu söyləyib, planda qeyd olunan qanun layihələrinin əhəmiyyəti barədə danışıb, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova ikinci məsələ ilə əlaqədar bildirib ki, Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun olaraq, Milli Məclisin İntizam komissiyası yenidən yaradılmalıdır.

İntizam komissiyasının yaradılması haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri üçüncü məsələ ilə bağlı qeyd edib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə əsasən, Milli Məclisin Hesablayıcı Komissiyası da yenidən yaradılmalıdır.

Hesablayıcı komissiyanın yaradılması haqqında qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti üç məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqında qanun layihələridir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb qəbul edilməlidir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Deputat bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tədqiqat Mərkəzinin Nizamnaməsi 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. O, Tədqiqat Mərkəzinin yaradılmasının Azərbaycanda “Heydər Əliyev İli”nə təsadüf etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, 2002-ci ildə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının İstanbulda keçirilmiş Zirvə görüşündə Bakı şəhərində Tədqiqat Mərkəzinin yaradılmasına dair təklif məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir.

Diqqətə çatdırılıb ki, Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlarla bağlı regional əməkdaşlığın gücləndirilməsi və təşkilata üzv dövlətlərə yardım etməkdir. Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzi, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzi statusuna da sahib olacaq. Mərkəzin strukturu Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq. Qəyyumlar Şurasının tərkibində təşkilatın Baş katibi və Mərkəzin prezidenti fəaliyyət göstərəcək. Preambula və 11 maddədən ibarət Nizamnamənin rəsmi dili ingilis dilidir və üç üzv dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Vurğulanıb ki, adıçəkilən Protokol 2002-ci il iyulun 20-də Yalta şəhərində keçirilmiş GUÖAM-ın Zirvə Toplantısında imzalanıb. Bu Protokol yuxarıda sözügedən Sazişin ayrılmaz hissəsidir və razılığa gələn tərəflər bütün prosedurları yerinə yetirdikləri barədə ikinci bildirişin depozitariyə saxlanması üçün verilən tarixdən qüvvəyə minir.

Qeyd edilib ki, protokol özündə üç qoşmanı ehtiva edir. Buraya malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə yerinə yetirilən şərtlərin, istehsalat və texnoloji əməliyyatların siyahısı, həmçinin forma və malın mənşəyi haqqında sertifikatın əlavə sənədi aiddir. Layihə regionda iqtisadi inkişafa xidmət edəcək və qarşılıqlı faydalı əməkdaşlığa yeni imkanlar yaradacaq.

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənədlə bağlı rəyini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb. O bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 155 nömrəli Konvensiyasının ratifikasiya imkanları araşdırılıb, milli qanunvericiliklə müqayisə edilib və müəyyən olunub ki, mahiyyət etibarilə əmək qanunvericiliyimiz əməyin təhlükəsizliyi və gigiyenası, istehsalat mühiti üzrə nəzəri əsasları müəyyən edən bu Konvensiya ilə ziddiyyət təşkil etmir. Sənəd ratifikasiya edildikdən sonra bu sahədə milli qanunvericiliyimiz Konvensiyanın tələblərinə uyğun olaraq daha da təkmilləşdiriləcək.

Komitə sədri Nazirlər Kabinetinin müvafiq qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun yaradıldığını və ölkəmizdə 155 nömrəli Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün bu Fondun vəsaitlərindən istifadə edilməsinin nəzərdə tutulduğu söyləyib. O, bu qanun layihəsinin təsdiqinin əlavə maliyyə yükü yaratmadığını da qeyd edib.

Sonra Musa Quliyev növbəti məsələni - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edərək deyib ki, Məcəlləyə təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə əlaqədardır. Bildirilib ki, Əmək Məcəlləsinin 220-ci maddəsinə “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmununda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə sənədlə bağlı bu komitənin müsbət rəy verdiyi diqqətə çatdıraraq, ölkəmizin beynəlxalq konvensiyalara hörmətlə yanaşdığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri nəzərə çatdırıb ki, müvafiq Konstitusiya qanununun tələbinə əsasən, gündəliyin 8-ci, 9-cu və 10-cu məsələləri bir oxunuşda qəbul ediləcək.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Tibbi sığorta haqqında" Qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2024-cü il yanvarın 1-nə qədər təxirə salınması ilə bağlıdır. Bu Qanunun 15-28.3 və 15-28.4-cü maddələrinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə Qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulub.

Deputatlar Ceyhun Məmmədov və Elşad Mirbəşiroğlu məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O bildirib ki, cari ilin əvvəlində Prezidentin müvafiq fərman və sərəncamları ilə ölkə üzrə 4-cü dərin sosial islahatlara start verilib. Bütün kateqoriyalardan olan vətəndaşların pensiyalarının sığorta hissəsi artırılıb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vahid tarif cədvəli üzrə çalışanların, habelə özəl sektorda çalışan 450 mindən çox insanın da əməkhaqları artırılıb.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsində təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Dəyişiklik ölkə Prezidentinin sosial islahatlarının vahid tərkib hissəsidir və vətəndaşlarımızın sosial rifahının gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, adıçəkilən Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdır. Dəyişikliyə əsasən, həmin müddətin 2024-cü il yanvarın 1-dək uzadılması nəzərdə tutulur. O, bu sahədə yoxlamaların dayandırılmasının sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli imkanların yaradacağını və biznes mühitinə müsbət təsir göstərəcəyini söyləyib.

Deputatlar Etibar Əliyev və İltizam Yusifov məsələyə dair fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Bildirilib ki, dəyişikliklərə əsasən, "Fövqəladə vəziyyət haqqında" Qanuna sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edən yeni fəslin əlavə edilməsi nəzərdə tutulub. Layihədə sosial xarakterli fövqəladə mühitin, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin anlayışları verilib. Müəyyən olunur ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir. Sosial xarakterli fövqəladə mühit rejimi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə, fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları tərəfindən təxirə salınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir. Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Bu tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya, yaxud qərargah yaradılır.

Layihə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla üç qaydanın təsdiq edilməsi nəzərdə tutulur - 1. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın, yaxud qərargahın fəaliyyət qaydası, 2. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası, 3. Dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası.

Komitə sədri qanun layihəsinin preventiv xarakter daşıdığını, yəni fövqəladə vəziyyətin tətbiqinə qədər olan vəziyyətlə bağlı olduğunu söyləyib.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Azay Quliyev, Nigar Arpadarai, Hikmət Məmmədov sənəd barədə fikirlərini və bəzi qeydlərini bildiriblər.

Komitə sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da nəzərdə tutulan məqsədlərin həyata keçirilməsinə xidmət edir.

Konseptual baxımdan strategiya dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı tədbirləri nəzərdə tutur.

Layihədə təklif olunan dəyişikliklər mahiyyətcə substantiv xarakter daşıyır və dövlət qulluğu haqqında qanunvericiliyin “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə uyğunluğunu təmin edir. Ümumiyyətlə, dəyişikliklərin əksəriyyəti qanunvericilik texnikası tələblərinin təmin edilməsi istiqamətindədir. Qanunun mövcud redaksiyasının bir sıra maddələrində texniki-terminoloji dəyişikliklər edilib. Sənəddə dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər, dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsi ilə bağlı düzəlişlər də nəzərdə tutulub.

Müzakirələr zamanı deputatlar Etibar Əliyev və Qüdrət Həsənquliyev sənəd barədə bəzi qeydlərini səsləndiriblər. Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər iki məsələsi də Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, hər iki sənəd "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb.

Təklif olunan dəyişikliklərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur. Bununla da torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Tahir Kərimli, Razi Nurullayev, Qüdrət Həsənquliyev bir sıra qeydlərini səsləndiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri növbəti üç məsələnin də Prezidentin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə dair məlumat verib.

Bildirilib ki, qanun layihələri ölkəmizdə nəqliyyat sahəsinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə dövlət siyasətinin aparılması üçün hədəflərə çatmaqda yeni alətlərin yaradılmasını və mühitin təkmilləşdirilməsini özündə ehtiva edir.

Diqqətə çatdırılıb ki, Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı qanun layihəsi gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifələrinin ləğvi məqsədilə hazırlanıb. Bundan irəli gələrək həmin icazə blanklarının verilməsinə görə gömrük orqanları tərəfindən tutulan dövlət rüsumları da ləğv edilir.

Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar qanun layihəsi ölkə ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahiblərinə və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslərə tətbiq olunan yol vergisinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyicisi, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunurlar.

“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi ilə bağlı gömrük orqanları tərəfindən tutulan bəzi dövlət rüsumlarının ləğvini nəzərdə tutur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin növbəti iki məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birilə bağlı olduğunu bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahıbkarlıq komitəsinin sədri Tahir Mirkişili həmin qanun layihələrini təqdim edib.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün müraciət qaydası, müraciətə baxılması, zəruri hallarda nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılması məsələsi, habelə daşıyıcıya icazənin verilməsindən imtina məsələləri tənzimlənir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair qeyd olunub ki, layihə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğini müəyyən edir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəlikdəki son iki məsələnin də Prezident tərəfindən Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bununla yanaşı əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda məcəllə, qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə düzəlişlər təklif olunur. Məcəllənin müvafiq maddələrində, həmçinin kredit müqaviləsinin bağlanma qaydası və məzmununa tələblər, kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin hesablanması, öhdəliyin təminatının itirilməsi və yaxud dəyərinin azalmasının hüquqi nəticələri, borc vaxtından əvvəl ödənildikdə borcverənin zərərin əvəzinin ödənilməsi üçün kompensasiya tələb etməsi, ödəniş üsullarından asılı olaraq ödəniş vaxtının hesablanması qaydası, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanma qaydası və sair məsələlər tənzimlənir. Məcəlləyə bir sıra digər düzəlişlərin edilməsi də nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu qanun layihəsi ilə bağlı müsbət rəyini diqqətə çatdırıb. O, sənədin vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyini söyləyib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Qeyd olunub ki, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlara müvafiq uyğunlaşdırıcı müddəa əlavə edilir. Ailə Məcəlləsində isə dəqiqləşdirmə xarakterli düzəliş edilərək "kredit idarələri" ifadəsi "kredit təşkilatları" ifadəsi ilə əvəz olunur.

Bu qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin cari ilin yaz sessiyasındakı ilk plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq